Elmi-praktik konfransda qədim şəhərin tarixinə nəzər salındı
Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və Şabran Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şabran: tarixdən bu günə və sabaha” adlı elmi-praktik konfrans keçirildi.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət etdilər. Sonra qonaqlar qədim Şabran şəhərinin qazıntıları ilə tanış oldular, Tarix-Diyarşünaslıq Muzeyinə və Poeziya evinə baş çəkdilər.
Rayon İcra Hakimiyyətinin konfrans zalında təşkil olunan tədbirdə çıxış edən icra başçısı Novruz Novruzov ötən il Şabranın tarixinin tədqiqi ilə bağlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə müraciət etdiyini bildirdi: «Şabranın qədim tarixi var, amma bu tarix uzun müddət unudulub. “Şabran” adını müasir ictimai fikrə ümummilli lider Heydər Əliyev gətirib. 70-ci illərin sonlarında burada böyük layihələrin icrası zamanı əldə olunan tarixi tapıntılar barədə Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevə məlumat verilib. 1979-cu ildə Şabranda tarixi araşdırmaların aparılması ilə bağlı qərar verilib”.
Qeyd olundu ki, ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə də tarixi irsimizin tədqiq edilməsinə xüsusi diqqət ayırıb. Prezident Heydər Əliyevin 27 sentyabr 2003-cü il tarixli sərəncamı ilə qədim Şabran şəhər yeri tarix və mədəniyyət qoruğu elan edilib.
Sonra Şabran şəhərinin son illərə dair görüntülərini əks etdirən qısa film nümayiş olundu.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirdi ki, Şabranın tarixi Azərbaycanın dövlətçiliyi və elmi üçün böyük əhəmiyyətə malikdir: «Bura böyük ticarət yollarının üzərində olub. Bu regionu tədqiq etmək Azərbaycan tarixinin bir çox məsələlərini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də son yüzillikdə, xüsusilə müstəqillik illərində Şabran şəhərinin sosial-iqtisadi inkişafına, tarixinə, maddi mədəniyyət abidələrinin öyrənilməsinə diqqət daha da artıb. Bu konfransın məqsədi rayonun, xüsusilə də qədim Şabran şəhərinin tarixinə münasibəti bir qədər də qətiləşdirmək, bu sahədə aparılan işləri daha məqsədyönlü şəkildə təşkil etməkdən ibarətdir».
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadovun sözlərinə görə, tarixçilər və arxeoloqlar Şabran şəhərinin tarixi barədə konkret bir nəticəyə gəlməlidir: «Şabranın arxeologiyasının, tarixinin dərindən öyrənilməsində etnoqrafların fikir və rəylərinin xüsusi əhəmiyyəti var. Ümumiyyətlə, Şabran 5 min illik yaşayış məntəqəsi kimi heç kimdə şübhə doğurmur. Amma bunu sübut etmək üçün əlimizdə olan faktları toplamalıyıq».
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının fikrincə, Şabranın dünəni aşkarlanmayınca, bu günü və sabahı haqqında aydın danışmaq mümkün deyil: «Bunun üçün yazılı mənbələrlə yanaşı, arxeoloji qazıntıların da əhəmiyyəti böyükdür. Qədim Şabran Azərbaycanın şimal-şərq zonasında ən böyük və ən mühüm şəhərlərdən biri olub. Elə bir ərazidə yerləşib ki, istər-istəməz dəfələrlə həm şimaldan, həm də cənubdan hücumlara məruz qalıb və yerlə yeksan olunub. Sonradan yenidən bərpa olunub. Əgər yaşayış yeri divarlarla əhatə olunubsa, bu onun şəhər olmasını sübut edən cəhətlərdən biridir. Onun nə vaxt yarandığını isə biz arxeoloji qazıntılarla müəyyən edəcəyik. İnanıram ki, Azərbaycanın ilkin şəhər mədəniyyətinə malik olan şəhərləri sırasında Şabranın da adı çəkiləcək».
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova tədbiri yüksək dəyərləndirdi və qeyd etdi ki, burada səsləndirilən məruzələrin hər birində Şabranın qədimliyini sübut edən faktlar var: «Arxeoloji tədqiqatlar nəticəsində Şabranın qala divarları, su sistemi ilə təchizatı, ictimai binanın qalıqları, numizmatik materiallar, tuncdan və dəmirdən hazırlanmış bəzək əşyaları üzə çıxarılıb. Bütün bunlar Şabranın Azərbaycanda ən qədim sivilizasiya mərkəzlərindən biri olduğunu təsdiq edir».
Böyük Britaniyanın Kembric Universitetinin əməkdaşı İrina Şinairay bildirdi ki, Şabran maraqlı yerdir. Onun sözlərinə görə, ilk dəfə 14 il əvvəl burada tədqiqat aparıb. Şəhərin qala divarlarını və şəhər ətrafındakı 6 səddi tədqiq edib, onların bir-biri ilə əlaqəli olduğu qənaətinə gəlib. Britaniyalı mütəxəssisin fikrincə, şəhərin dəqiq tarixini müəyyənləşdirmək üçün arxeoloqlar, etnoqraflar, tarixçilər və digər tədqiqatçılar bir yerdə çalışmalıdır.
ABŞ-ın Luiziana Tulane Universitetinin professoru Elio Brangaforte orta əsr Avropa səyyahlarının Azərbaycanın şəhərləri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşdü və bildirdi ki, Şabranın qədim tarixə malik olması ilə bağlı bir çox tədqiqat materialları var. Bu materialları arxeoloji qazıntılar nəticəsində əldə edilmiş faktlarla birləşdirib şəhərin yaranmasının dəqiq tarixini müəyyənləşdirmək olar.
Tədbir AMEA-nın müxbir üzvü, professor İlyas Babayevin «Qədim Azərbaycanda şəhər mədəniyyətinin yaranması problemi», tarix elmləri doktoru, professorlar Abbas Seyidovun «Şabran tarixi mənbələrdə», Arif Məmmədovun «Şabranın ilk orta əsr abidələri», tarix üzrə fəlsəfə doktorları Qoşqar Qoşqarlının «Şabran şəhərinin arxeoloji tədqiqatları barədə» və Abuzər Ələkbərovun «Şimal-cənub ticarət yolunda Şabran şəhərinin rolu» mövzularında çıxışları ilə davam etdi.
Çıxışlar ətrafında aparılan müzakirələr nəticəsində qərara alındı ki, Şabran şəhərinin salınma tarixinin dəqiqləşdirilməsi ilə bağlı tədqiqatlar davam etdirilsin və nəticələr toplanıb müvafiq qurumlara göndərilsin.
F.Abdullayeva