Bakıda ilk Avropa Oyunları başlanır

Aylardır, günlərdir səbirsizliklə gözlənilən “Bakı-2015” I Avropa Oyunlarının vaxtı yetişdi. İyunun 12-də axşam paytaxtdakı Olimpiya Stadionunda möhtəşəm idman bayramının təntənəli açılış mərasimi keçiriləcək.

Stadionda on minlərlə insanın, respublikamızda və Oyunların yayımlandığı 60-dan çox ölkədə milyonlarla tamaşaçının ekran qarşısında izləyəcəyi möhtəşəm şölən Azərbaycanın adını bir daha uca səslə dünyaya duyuracaq.
İlk Avropa Oyunları təkcə qitə miqyasında deyil, dünyada bu ilin ən böyük idman hadisəsidir. Amma buna, sadəcə, bir idman yarışı kimi baxmaq onun miqyasını kiçiltmək olardı. Bu həm də iqtisadi, mədəni meyarları ilə ölçülən möhtəşəm tədbirdir. Avropa Oyunları ölkəmizin beynəlxalq nüfuzunun, inkişaf səviyyəsinin, ələlxüsus da iqtisadi imkanlarının göstəricisidir.
Bu, eyni zamanda, Azərbaycanın ev sahibliyində Avropanı bir araya gətirən idman və dostluq bayramıdır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev ilk Avropa Oyunlarını haqlı olaraq məhz bu cür dəyərləndirib.
Dövlət başçısı vurğulayıb ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi tərəfindən birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul edilməsi Avropa Olimpiya ailəsi tərəfindən ölkəmizə göstərilmiş böyük etimad idi: “Hesab edirəm ki, bu qərar bir neçə amillə bağlıdır. İlk növbədə, bunu idmançılarımızın uğurlu çıxışı mümkün etmişdir. Biz müstəqil dövlət kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edirik və atletlərimizin nəticələri getdikcə yüksəlir. 2012-ci ildə Londonda keçirilmiş son Yay Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası ikisi qızıl olmaqla 10 medal qazanaraq Avropa ölkələri arasında 15-ci yeri, ümumi iştirakçılar arasında isə 30-cu yeri tutmuşdur. Ötən il Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında bizim gənc atletlərimiz 12 medal qazanaraq 10-cu yeri tutmuşdur.
Azərbaycanda müasir idman infrastrukturu yaradılıb, bölgələrdə 40-dan çox Olimpiya İdman Mərkəzi inşa edilib. Bakı şəhərində yaradılan və əsaslı təmir edilən idman obyektləri ən yüksək standartlara cavab verir. Nəqliyyat infrastrukturu yeniləşib. Bakıda bütün aparıcı brend hotellər fəaliyyət göstərir. Beynəlxalq yarışların keçirilməsi üçün kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda dünya və Avropa çempionatları keçirilmişdir”.
Prezident onu da vurğulayıb ki, iki ildən sonra Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək: “Bu, əslində Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir. Azərbaycanda əsrlər boyu mövcud olmuş sivilizasiyalararası dialoq, müxtəlif xalqların, dinlərin nümayəndələrinin birgə yaşaması nadir təcrübədir. Bu gün Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir. Avropa Oyunları gözəl idman və dostluq bayramıdır. Mən əminəm ki, bu idman bayramına gələn xarici qonaqlar, idmançılar, məşqçilər öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar”.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün yeni inkişaf dövrünü yaşayır, regionun ən böyük iqtisadi layihələrində əsas söz sahibidir, beynəlxalq forumlara, dünya miqyaslı tədbirlərə ev sahibliyi edir. Bu gün isə tarixdə ilk dəfə Avropa Oyunlarını qəbul edir.
Dünyanın bir çox yerlərində qarşıdurma, böhran və digər xoşagəlməz halların müşahidə edildiyi bir vaxtda Azərbaycan sabitlik adası, inkişaf və istiqrar məkanıdır. Bu inkişafa, Azərbaycanın nailiyyətlərinə, xalqımızın qonaqpərvərliyinə, ölkəmizin tarixən bərqərar olmuş tolerantlıq mühitinə Avropa Oyunlarının qonağı olacaq hər kəs bir daha şahidlik edəcək.