Daşınmaz abidələrin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının
fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub


Ölkə Prezidentinin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasının təmin edilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə işçi komissiyası yaradılıb. Komissiyaya Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, AMEA, Memarlar İttifaqı, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə, İqtisadiyyat və Sənaye, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin nümayəndələri daxildir.
İyunun 10-da Azərbaycan Milli Kitabxanasında işçi komissiyasının ilk iclası keçirilib. Komissiyanın sədri Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov iclası açaraq Dövlət Proqramının icrası ilə əlaqədar işlərin yüksək templə başlandığını və bu istiqamətdə fəaliyyətin davam etdirildiyini bildirib. Qeyd olunub ki, qanunvericiliklə əlaqədar bir çox qərar layihələri hazırlanıb və bu yaxınlarda təsdiq ediləcək.
Dövlət xidmətinin rəisi proqrama əsasən abidələrin yenidən siyahıya alınması, qorunması və istifadəsi sahəsində hüquqi aktların təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, elektron mühafizə və müşahidə sistemlərinin tətbiqi, abidələrin pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, bərpa-konservasiya işlərinin aparılması və digər məsələləri iclas iştirakçılarının nəzərinə çatdırıb. Xidmət rəisi mədəniyyət və turizm şöbələrinin yerlərdə abidələrin balans mənsubiyyətlərinin müəyyən edilməsi barədə fikrini də bildirib.
İclasda Koordinasiya Şurasının yaradılması və Dövlət xidmətinin sektor müdiri Arif Əliyevin şuranın koordinatoru olması təklifi irəli sürülüb və iştirakçılar tərəfindən bəyənilib.
İclasda müxtəlif orqanların nümayəndələri ilə birgə müzakirələr aparılıb, Dövlət Proqramının icrası ilə əlaqədar təkliflər dinlənilib.