Yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının regionlarda tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Milli Kitabxanada 10 günlük kurslar təşkil edilib. Treninqdə Salyan, Neftçala, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı və Sabirabad rayon MKS-nin mütəxəssisləri iştirak edirlər.
İyulun 6-da kursların başlanması münasibətilə keçirilən mərasimdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov regionlarda tətbiq ediləcək ALİSA proqramında işləmək üçün həm MARC 21 formatının öyrənilməsi, həm də bu proqramda iş vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, treninq çərçivəsində dinləyicilər Milli Kitabxananın iş prosesi, yeni iş üsulları və xidmət növləri barədə məlumat əldə edəcəklər. Treninqi mükəmməl başa vuranlara sertifikat təqdim ediləcək.
Proqramı hazırlayan “Ultra” şirkətinin mütəxəssisi Sərxan Məmmədov ümumi məlumatları diqqətə çatdırıb. Bildirib ki, treninq zamanı şirkətin iki əməkdaşı iştirakçılara ətraflı məlumat verəcək, iş prinsiplərini öyrədəcək, hər bir rayona test rejimində parol və loqin veriləcək. O, dinləyiciləri iş prosesində fəal olmağa, iş zamanı qarşıya çıxan çətinliklərlə bağlı trenerlərə suallar verməyi, mövcud problemləri yerindəcə bildirməyə çağırıb.