Məhəmməd Füzuli haqqında qiymətli monoqrafiya

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri, qüdrətli söz ustadı Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 520 ili tamam olur. Yubiley ilində AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynovun şairə həsr edilmiş “Yoxdan var” adlı yeni monoqrafiyası işıq üzü görüb.

50 çap vərəqi həcmində olan 808 səhifəlik fundamental əsər “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Məhəmməd Füzuli haqqında Azərbaycan ədəbiyyatşünaslarının müxtəlif nəsillərinin təmsilçiləri çoxsaylı məqalələr, kitablar yazıblar. Lakin Rafael Hüseynovun əsəri yazı və yanaşma tərzinin yeniliyi, özünəməxsusluğu ilə seçilir. Müəllif Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, bir sıra Avropa ölkələrindəki arxiv və əlyazma xəzinələrində uzun illər ərzində apardığı araşdırmalarının yekunu olaraq XVI əsr ədəbi və fəlsəfi fikrimizin bu müstəsna nümayəndəsi haqqında elmdə yeni söz olan tədqiqat əsəri ərsəyə gətirib.
Dahi şair yaradıcılığında elm və sənəti üzvi şəkildə qovuşdurmağı bacarıb. Ona görə də Füzulidən bəhs edərkən Rafael Hüseynov onu sadəcə olaraq şair, yaxud yalnız alim adlandırmır, iki vacib dəyəri varlığında və yaradıcılığında daşıyan mütəfəkkir söz ustasını bütövlüyü ilə təhlil edir.
Müəllif qeyd edir ki, ana dilindən savayı fars və ərəbcə də mükəmməl bədii və elmi əsərlər yaradan Füzuli özündən sonrakı türkdilli ədəbiyyatın inkişafına güclü təsir göstərib, yaşadığı əsrdən başlayaraq sənət nəzəriyyəçiləri və ədəbiyyatşünaslar onun yaradıcılığı ilə maraqlanıb, əsərləri rus, alman, ingilis, fransız, italyan, ispan, rumın, macar, polyak, gürcü və s. dillərə tərcümə olunub.
Kitabın adı Füzulinin öz məşhur qəzəlindən gəlir və hədəfi də sözdür. Sözün və onun daşıdığı rəngarəng mənaların yoxluqdan yaranmasına heyrətlənən Füzuli yaradıcılığında bədii sözün elə bir plastikasına nail olub ki, son dərəcə dar məkan içərisində çox böyük fikir genişliyini ifadə edib. Kitabda həmçinin Füzulinin qəzəl janrına gətirdiyi yeniliklər, nail olduğu ifadə gözəllikləri nəzərdən keçirilir, həm də şairin qəzəl yaradıcılığının özündən sonrakı lirik poeziyanın irəliləyişlərinə təsiri araşdırılır.
Monoqrafiyada Füzulinin ən məşhur əsəri olan “Leyli və Məcnun” məsnəvisi də diqqət mərkəzində saxlanılır, əsərdəki Leyli obrazına münasibətdə ilk dəfə olaraq bəlli stereotiplərdən kənara çıxılır və Füzulinin təsvir etdiyi Leyli məhz müəllifin təqdim etdiyi mürəkkəbliyi ilə təhlil olunur.
Tədqiqatda bu qənaət vurğulanır ki, istənilən klassikin doğru-düzgün öyrənilməsindən ötrü, ilk növbədə, onun əsərlərinin kamil elmi tənqidi mətninin hazırlanması gərəkdir. Bununla əlaqədar əsər boyu indiyədək Füzuli mətnlərinin nəşrlərində yol verilmiş bəzi qüsurlar islah edilir və həmin yanlışlıqların doğurmuş olduğu səhv qənaətlər xatırlanır.
Füzulini daha yaxşı tanımaq və tanıtdırmaq məqsədi daşıyan bu kitabda şairin əsərlərinə müxtəlif dövrlərin miniatürçü və rəssamlarının çəkdiyi illüstrasiyalar da yer alıb. Kitabın redaktoru şərqşünas alim, akademik Vasim Məmmədəliyevdir.