Oktyabrın 8-də Muzey Mərkəzində II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin və müsabiqəyə təqdim olunmuş işlərin sərgisinin açılış mərasimi keçirildi.

Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə reallaşıb. Yeddi nominasiya üzrə keçirilən müsabiqənin məqsədi memarlığın inkişafı üçün yeni ideyaları aşkara çıxarmaq, bina və tikililərin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllərinin axtarışı, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə praktik olaraq gerçəkləşməsi üçün ideya və layihələrin müxtəlifliyinə nail olmaqdır.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqənin əhəmiyyətindən danışdı, Azərbaycanın qədim və zəngin memarlıq ənənələrinin olduğunu vurğuladı: “İkinci dəfədir ki, Bakı Beynəlxalq Memarlıq Mükafatı Müsabiqəsinə ev sahibliyi edir. Artıq demək olar ki, bu müsabiqənin ənənələri də formalaşıb. Bu dəfə müsabiqəyə 37 ölkədən 250-yə qədər layihə təqdim olunub. Azərbaycan xalqı əsrlər boyu özünün memarlıq məktəblərini yaratmış, qədim dövrlərdən bu günümüzə qədər gəlib çatan minlərlə memarlıq abidəsi yadigar qoymuşdur. Son dövrlər ölkəmizin, xüsusən də paytaxt Bakının simasını dəyişən, onun yeni rəmzlərinə çevrilən binalar inşa olunub. Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Xalça Muzeyi və digər belə memarlıq abidələrini nümunə göstərmək olar”.

Nazir son illər Bakıda sovet dövründə tikilmiş binaların yeniləndiyini və onların memarlıq baxımından daha gözəl görkəm qazandığını vurğuladı.
Əbülfəs Qarayev Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində minlərlə tarixi abidəmizin dağıdıldığını, qalanlarının da taleyinin naməlum olduğunu diqqətə çatdırdı: “İşğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlardakı tarixi abidələrimizlə bağlı məsələ bizi narahat edir. Hər dəfə bu məsələni UNESCO səviyyəsində qaldırırıq. Azərbaycanda tarixi abidələrin qorunması ilə bağlı Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı fərmana əsasən xüsusi qurum - Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Bu xidmət Azərbaycanın bütün regionlarında vəziyyəti təhlil edir. Bərpa olunacaq abidələrlə bağlı layihələr hazırlanmaqdadır. İşğal altındakı torpaqlarımızda olan abidələr isə, təəssüf ki, dağıdılır. Hətta bəzən Azərbaycan memarlığına aid olan tarixi abidələrimizin mənimsənilməsi, işğalçı ölkənin memarlıq məktəbinə şamil edilməsi kimi prosesləri də görürük. Bu məsələdə bütün ictimaiyyət, o cümlədən memarlar, tarixçilər də öz haqq səsini qaldırmalıdır”.
Sonra çıxış edən Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner Azərbaycanın zəngin memarlıq ənənələri olduğunu, həmçinin bu ənənələrin müasir memarlıq üslubu ilə vəhdət təşkil edərək bu gün də yüksək səviyyədə inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, özündə Şərq və Qərb memarlıq üslublarını birləşdirən Bakının simasına daha da gözəllik bəxş edən müasir binaların tikilməsi təqdirəlayiqdir. Baş katib artıq ikinci dəfədir ki, Bakıda keçirilən bu memarlıq müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.


Çıxışlardan sonra tədbir iştirakçıları müsabiqəyə təqdim edilmiş layihələrlə tanış oldular.
Müsabiqə “ictimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “həyata keçirilmiş ən yaxşı interyer”, “həyata keçirilməmiş ən yaxşı layihə”, “binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyalarında keçirilir.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətinə Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner, qurumun sabiq prezidenti Vassilis Sgoutas və sabiq baş katibi Mişel Barmaki, vitse-prezident Hayder Ali, Fransa memarlarının milli ittifaqının prezidenti Catherine Jacquot və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə daxildir. Mükafat fondu 52500 manat təşkil edən müsabiqənin nəticələri oktyabrın 9-da keçiriləcək təntənəli mərasimdə elan ediləcək. Təqdim edilmiş bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.

Fariz Hüseynov