Azərbaycan ədəbiyyatında tənqidi realizmin formalaşması və yeni keyfiyyətlər qazanmasında Qasım bəy Zakirin (1784-1857) mühüm rolu olub. O, ədəbiyyat tariximizdə daha çox satirik şair, mənzum hekayə və təmsil ustası kimi tanınıb.

Realist sənətkar çarizmin müstəmləkəçilik siyasətini, qanunsuzluğu satira atəşinə tutub, xalqın hüquqlarının müdafiəçisi olub. Bununla da özünə çoxlu düşmən qazanan şair rəqiblərinin qarşısında həmişə “şiri-nər” kimi məğrur dayanıb və deyib:

Rahi-müsibətdə keçmişəm candan,
Müxənnətdir qorxan bir qaşıq qandan.
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nər məni!

Zakir keşməkeşli bir ömür yaşasa da, xalq tərəfindən sevilib və aşıq Qurbani, Abbas Tufarqanlı və başqaları kimi haqqında maraqlı dastan bağlanıb. Onu da qeyd edək ki, dastan ilk dəfə Cəbrayıl rayonunun Dağtumas kənd sakini Aşıq Səməd (1950) tərəfindən el şənliklərində oxunub. Dastandakı hadisələr Qasım bəy Zakirin həyat və yaradıcılığını əks etdirən tarixi fakt və hadisələrlə üst-üstə düşür. Dastanın qısa məzmunu belədir:
Qarabağ xanlığının mərkəzi Pənahabad (Şuşa) şəhərində məşhur Cavanşir nəslindən olan Əli adlı dünyagörmüş bir bəy olur. O, oğlu Qasımın səkkiz yaşı olanda onu məktəbə qoyur. Təhsil və tərbiyəsinə diqqət yetirir. O da dərslərinə məsuliyyətlə yanaşır. İllər bir-birini əvəz edir. Qasım həddi-büluğa çatır... Nəhayət, bir gün Qasım ürəklənir, illərdən bəri həsrətlə sevdiyi Sənəmə sevgisini bildirmək üçün mənzum bir məktub yazır:

Sən sadə gözəlsən, qoyma, sevdiyim,
Məşşatələr bəzək taxa üzünə.
Bərgi-gülə bənzər üzari-alın,
Nə lazımdır ənlik yaxa üzünə.

Sən demə, Sənəmin də Qasımdan xoşu gəlirmiş. Ona görə də məktubu oxuyub Qasıma müsbət cavab verir. Qasım bundan çox sevinir. Lakin bu sevinc uzun sürmür. Qasımın Cəfərqulu adlı bədniyyət bir məktəb yoldaşı da olur. O, sevgililəri bir-birindən ayırmaq üçün fürsət axtarır. Eşitdiyi xəbəri Sənəmin atasına çatdırır. Ata gözləmədiyi bu xəbərdən çox əsəbiləşir və Sənəmi məktəbə buraxmır.
Qasım baş verən hadisələrdən xəbərsiz halda məktəbdə hər gün Sənəmin yolunu gözləyir. Həsrətli gözləri ilə sevgilisini axtarır.
Qasımın Abdulla adlı bir məktəb yoldaşı da vardı. O, Qasımın çəkdiyi həsrəti görür və halına acıyır, ona ürək-dirək verir. Sənəmi tezliklə tapacağına və bir xəbər gətirəcəyinə and içir. Sənəmə yazdığı, həsrət və məhəbbət dolu məktubunu onun sevgilisinə çatdıracağına söz verir. O, çətinliklə də olsa, məktubu Sənəmə çatdırır. Qız sevgilisinin ona göndərdiyi məktubu oxuyur və ağlayır. Halını bölüşməyə bir kəs tapmayan qız dərddən, həm də atasının qorxusundan susur. Qasımın ümidi hər yerdən üzülür. Sənəmin həsrətindən xəstələnir. Hər şeydən xəbərsiz ana bunun səbəbini soruşur. Qasım əvvəlcə susub danışmır. Anasından utandığı üçün hər şeyi gizlədir. Lakin anası ondan əl çəkmir. Qasım axırda utana-utana dərdini anasına söyləyir.
Qasımın anası bərk sarsılır. Oğlunun sevgidən şam kimi əridiyini görür və sirri əri Əli bəyə açır. O, məsələdən agah olur və dostlarını da götürüb, el adəti ilə Sənəmin atasının yanına elçiliyə gedir. Sənəmin atası isə bundan əsəbiləşir, elçiləri qapıdan qovur...
Bir gün Qasım yolda Mehparə adlı bir qarıya rast gəlir. Qarı oğlanın çox kədərli olduğunu görüb səbəbini soruşur. Mehparə qarı Qasımı da, Sənəmi də çox yaxşı tanıyırmış. O, əhvalatı biləndən sonra Qasımı sakitləşdirir. Ona ürək-dirək verir. Çox keçmir ki, Mehparə qarı müjdə xəbəri gətirir. İşlərin tezliklə düzələcəyini bildirir...
Qısa müddətdə Zakir Sənəmlə gizli görüşür. Bundan xəbər tutan Əli bəy oğlunu danlayır. Onu dilə tutur və Tiflisə aparır ki, bəlkə Sənəmi unuda. Zakir bir müddət orada qalır. Yenidən Şuşa şəhərinə qayıdır. Arayıb Sənəmi tapır. Fikrini ona açır. Qız sevgilisi ilə getməyə razılıq verir. Yerli çar hakimi, Zakirlə çoxdan haqq-hesabı olan Konstantin Tarxan-Mouravov şairin Sənəmi qaçırmasını və bu yaxınlarda toyları olacağını eşidir. O, Zakirdən intiqam almaq qərarına gəlir...
El-oba, qohum-qardaş yığışıb, şadlıq edir. Zakir evlənəndən sonra Xındırıstan kəndinə köçür. Ev tikir və ailəsi ilə orada yaşamağa başlayır. K.Tarxan-Mouravov isə Zakiri tutdurmaq üçün məqam axtarır. Nəhayət ki, o, bir gün Zakirə şər atıb tutdurur. Onu uzaq bir adaya sürgünə göndərtdirir. Bununla kifayətlənmir. Zakirin abadlaşdırdığı Xındırıstan kəndini də dağıtdırır. Evini tar-mar edir... Deyirlər, o zaman Zakirin Tiflisdə bir yaxın dostu olub. Bir gün Zakir başına gələn müsibətləri ona yazaraq və kömək istəyib: “Zalımlar məni dartıb qurd kimi yeyir, elimə-obama, ailəmə həsrət qoyublar”. Zakir ehtiyatlanıb yazdığı məktubu heç kəsə göstərmir. Şüşəyə qoyub, ağzını da möhkəm bağlayaraq dəryaya atır:

Zakirəm, sızlaram misli-əndəlib,
Tapmayıb dərdimi, çəkildi təbib.
Bəxtəvər başına sənin, ey rəqib,
Xeyir sənə qismət oldu, şər mənə!

Zakirin dəryaya atdığı məktub tezliklə dostuna çatır. Onun sayəsində Zakir həbsdən azad olur, vətənə yola düşür. Yolu ucsuz-bucaqsız bir səhradan düşür və azır. Dayanıb, xeyli ətrafa baxır. Bu zaman qarşısına nurani bir kişi çıxır. Kişi ondan haradan gəlib, haraya gedəcəyini soruşur. Zakir başına gələnlərin hamısını ona nəql edir...
Nurani qoca ona deyir ki, gözünü yum! Zakir də onun dediyi kimi edir. Gözlərini yumur və açanda özünü Şuşada görür. O, sevinir, ailəsi ilə görüşür, sonra isə Sənəmi və oğlunu da götürüb Xındırıstana gedir, orada yaşayır.
Lakin bir müddət sonra Zakir ikinci dəfə həbs olunur. Yenə həmin dostunun köməkliyi ilə azadlığa buraxılır. Oğlu ilə Qarabağa gedir. Ehtiyat edərək dağıdılıb xarabazara çevrilmiş Xındırıstana getmir. Şuşaya, qohumu Qarabağ xanı Mehdiqulu xanın yanına gedir. Xan onu çox hörmətlə qarşılayır. Hörmət əlaməti olaraq Xındırıstanda olan öz mülkünü Zakirə bağışlayır. Hətta bu mülkün onun adına olması haqqında möhürlü kağız da verir. Mehdiqulu xanın Zakirə olan rəğbətini və ona mülk bağışlamasını eşidən K.Tarxan-Mouravov çox əsəbiləşir və paxıllıqdan bağrı çatlayıb ölür...
Zakir azad nəfəs alır. O, arvadı Sənəm və övladları ilə xoş güzəran keçirir. Yaxşı yaşasa da, keçmişdə çəkdiyi əzabları heç vaxt unutmur...

Savalan Fərəcov