Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi Yusif Həsənbəyin Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş "Təkan" adlı povesti işıq üzü görüb.
Yusif Həsənbəy "Ördəyin balaları" (1960), "Yağışda çimən cücə", "Qağayı", "Çay dənizə tələsir", "Unutmaram o günləri" və s. şeir kitablarının, "Sarı Çalı" povesti və "Sualtı döyüşlər" romanının müəllifidir. "Ayı kürkü" və "Dağlarda işıq" əsərləri əsasında televiziya tamaşaları hazırlanıb, "Sehrli üzük", "Yıxılanı qaldır" pyesləri Mingəçevir və Ağdam teatrlarında səhnəyə qoyulub.
Ədibin "Təkan" povestində insan həyatında təsadüflərin, əslində, onu məqsədinə doğru aparan yolda bir əlamət, bir rəmz olması vurğulanır. Bu rəmzlərin mahiyyət etibarilə insanın anlamadığı, sonadək dərk etmədiyi ilahi "şifrələr" olması diqqətə çatdırılır. Müəllif povestdə xeyirxahlıq, vicdanlılıq, dürüstlük kimi yüksək mənəvi-ruhani keyfiyyətləri ustalıqla tərənnüm edir.
Kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq. Kitabın elektron variantı nazirliyin www.bakubookfair.com saytında yerləşdiriləcək.