İyunun 1-də Türkiyənin Antalya şəhərində təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində (International Horticultural Exposition) Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulan Azərbaycan milli pavilyonunun rəsmi açılış mərasimi və “Azərbaycan günü” keçirilib.

Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, “Antalya Ekspo 2016”nın rəhbəri Ərdoğan Kök və ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov çıxış ediblər.
Sonra iştirakçılar pavilyondakı sərgi ilə tanış olublar. İki min kvadratmetrədək ərazini əhatə edən sərgi və bağçadan ibarət Azərbaycan milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilir.
Sərgidə Azərbaycan xalçaçılıq sənətinin tarixi və bugünü əksini tapıb. Burada xalçalarımızın zərif naxışlarını, nəfis Azərbaycan xalılarının rəsmləri olan Avropa rəssamlarının əsərlərini əks etdirən multimedia layihəsi, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun eskizləri, müasir rəssamlar Vüqar Muradov, Elçin Vəliyev və heykəltəraş Butunay Haqverdiyevin əsərləri nümayiş olunur. Pavilyonda Heydər Əliyev Fondunun himayəsində olan kimsəsiz uşaqlar üçün internat evlərinin istedadlı yeniyetmə və gənclərinin, daun sindromlu uşaqların rəsmləri ilə də tanış olmaq mümkündür.
“Azərbaycan günü” ilə bağlı təşkil olunan mərasimin bədii hissəsində “Natiq” ritm qrupu ilə yanaşı, valideyn qayğısından məhrum olmuş uşaqların çıxışları, xalq mahnıları, ritmik muğamlar, milli rəqslərimiz pavilyona toplaşan yüzlərlə ziyarətçini valeh edib.
Heydər Əliyev Fondunun Dağlıq Qarabağ həqiqətlərinə, Azərbaycan tarixinə, milli mədəniyyətimizin ayrı-ayrı sahələrinə dair nəşrləri iştirakçılara hədiyyə edilib. İştirakçılar Azərbaycan mətbəxi nümunələrinin dadına baxıblar.
Qeyd edək ki, “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisi aprelin 22-də açılıb. 53 ölkənin təmsil olunduğu sərgi oktyabrın 30-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar