Beynəlxalq simpozium qədim xalça sənətinə həsr olunub
İyunun 2-də Azərbaycan Xalça Muzeyində “Türk dünyasının ortaq dili - naxışlar” mövzusunda beynəlxalq simpozium işə başladı. Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Xalça Muzeyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı keçirilir.
Muzeyin direktoru Şirin Məlikova tədbiri açaraq bildirdi ki, türk xalqlarının mədəniyyətinin ən əhəmiyyətli maddi elementlərinin ön sırasında xalça nümunələri durur. Sadəcə gündəlik həyatda istifadə olunan əşya deyil, eyni zamanda sənət əsəri olan bu əl işləri üzərindəki naxışlarla dünənin və bugünün çox geniş bir əraziyə yayılan türk xalqlarının vizual əlaqələrinin bir göstəricisidir.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirdi ki, xalqlarımızın ortaq dəyərlərini qiymətləndirmək və sahib çıxmaq çox önəmli məsələdir. Tədbir türk xalqlarının xalçaçılıq sənətinə aid olan naxışlarının qədimdən ortaq bir şəkildə istifadə olunduğunu göstərməklə yanaşı, ortaq dəyərlərimizi bir daha təcəssüm etdirir.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev qeyd etdi ki, hər bir xalq öz töhfələri ilə dünya mədəniyyətini zənginləşdirir. Xalqımızın milli sərvətlərindən, ümumbəşəri mahiyyətli mədəni dəyərlərdən biri də xalçadır. Xalçaçılıq sənətində istifadə olunan naxışların araşdırılması türk xalqları tərəfindən ilk öncə xalça toxuculuğu olmaqla fərqli məhsullarda, əşyalarda, sənət və memarlıq əsərlərində istifadə olunduğunu göstərir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ölkəmizdə mədəniyyətə və mədəni irsə göstərilən diqqət və qayğıdan söz açdı. Bildirdi ki, mədəni və tarixi irsimiz Prezident İlham Əliyevin daima diqqət mərkəzindədir. Bakıda belə bir simpoziumun təşkil olunması da məhz bunun bariz nümunəsidir. Qeyd olundu ki, türk dünyasını birləşdirən dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi vacib əhəmiyyət daşıyır.
Azərbaycanda xalçaçılıq sənətinin inkişafına da toxunan G.Əfəndiyeva Qarabağ xalçaçılıq məktəbindən söz açdı. Qeyd etdi ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü xalçaçılığa da ağır zərbə vurub. Bu təkcə Azərbaycana deyil, bütün türk dünyasının mədəni irsinə dəyən zərbədir. Hazırda Azərbaycanın bu qədim bölgəsində əlvan naxışlı xalçalar toxunmasa da, xalqımız Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaqdadır.
Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Qazaxıstanın Əhməd Yəsəvi Universitetinin rektor müavini Mustafa Nursoy, araşdırıcı Sabira Alimbekova (Qazaxıstan), Dinarə Çoçunbayeva (Qırğızıstan), Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək simpoziumun əhəmiyyətindən danışdılar. Vurğulandı ki, belə tədbirlər uzun illər bir-birindən uzaq düşmüş türk xalqlarının daha da yaxınlaşmasına zəmin yaradır.
Çıxışlardan sonra tədbir iştirakçıları Xalq rəssamı Lətif Kərimovun 110 illiyi münasibətilə Əməkdar rəssam Mübariz Əkbərovun dekorativ-tətbiqi sənət nümunələrindən ibarət “Metalda həkk edilmiş gözəllik” adlı fərdi sərgisi ilə tanış oldular.
İyunun 3-də də işini davam etdirəcək simpoziumda mövzuya həsr olunmuş məruzələr dinləniləcək.
Savalan Fərəcov