Özbəkistanın qədim Buxara şəhərində keçirilən “İpək və ədviyyatlar” 15-ci beynəlxalq festival və konfransı haqqında məlumat vermişdik. Konfransda ölkəmizi təmsil edən BDU-nun professoru Rəna İbrahimbəyova və kəlağayı istehsalı ilə məşğul olan “Cahangir-T” firmasının rəhbəri Cəlil Tarıverdiyev iştirakçılara Azərbaycanda ipəkçilik sənətinin tarixi və bugünü barədə ətraflı məlumat veriblər.

Özbəkistanın paytaxtı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində isə “Azərbaycan kəlağayı sənəti və onun özəllikləri” adlı tədbir keçirilib. Tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlərin xanımları, diplomatlar, mədəniyyət, incəsənət xadimləri iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan xanımlarına məxsus baş geyimi olan kəlağayı haqqında məlumat verib. Bildirib ki, geyim formaları xalqın xarakteri və xüsusiyyətindən xəbər verir, onun tarixini, etnoqrafiyasını, mədəniyyətini öyrənmək üçün böyük əhəmiyyət daşıyır.
Hüseyn Quliyev Azərbaycanda zəngin ipəkçilik ənənələrinin olduğunu, Böyük İpək Yolu üzərində yerləşən Azərbaycanın Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli ipək kəlağayıların hazırlandığını, o cümlədən xarici ölkələrə ixrac olunduğunu qeyd edib.
Səfir Azərbaycan kəlağayısının “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb və bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərindən danışıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan və Özbəkistanın zəngin mədəniyyətindən söz açıb, kəlağayını Azərbaycan xalqının əsrlərdən bəri qoruyub saxladığı sənət incisi adlandırıb.
Sonra “Azərbaycan kəlağayıları” adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə iştirak edən BDU-nun professoru, kəlağayı sənəti üzrə mütəxəssis Rəna İbrahimbəyova Azərbaycan kəlağayı sənətinə dair geniş məruzə edib.
Mütəxəssis kəlağayıda həkk olunan naxışların ayrı-ayrı forma və motivləri barədə məlumat verib, kəlağayıya məxsus elementlərin mənalarını və bu baş örtüyünün dizaynını xarakterizə edib.
Mədəniyyət mərkəzinin foyesində təşkil olunan sərgidə müxtəlif dizaynda hazırlanan Azərbaycan kəlağayıları nümayiş etdirilib.
Qonaqların iştirakı ilə kəlağayıya naxışvurma prosesi canlı olaraq göstərilib, iştirakçılara kəlağayılar hədiyyə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar