“Mövcud problemlər dinlənildi, bir sıra maraqlı təklif və təşəbbüslər irəli sürüldü”

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. İyunun 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Samux rayonundakı Heydər Əliyev Mərkəzində Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından vətəndaşları qəbul edib.

Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyasına baxıb. Mərkəzdə istedadlı gənc rəssam Xuraman Kazımlının fərdi sərgisi ilə tanış olan nazir ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşlar tərəfindən müxtəlif mövzularda müraciətlər, bir sıra təklif və təşəbbüslər səsləndirilib.
Samux sakinlərinin müraciətləri rayonda yeni inşa olunmuş Tarix-Diyarşünaslıq muzeyinin fəaliyyəti, rayonda atçılıq təsərrüfatının inkişaf etdirilməsi, Heydər Əliyev Mərkəzinin nəzdində turizm agentliyinin yaradılması, işlə təminat barədə olub.
Naftalan şəhərindən qəbula gələnlər şəhərdə çoxfunksiyalı mədəniyyət mərkəzinin yaradılması, musiqi alətlərinin təmiri və köklənməsi üçün köməklik göstərilməsi barədə xahişlərini diqqətə çatdırıblar.
Gəncə şəhərindən qəbula yazılan vətəndaşlar şəhərdə yeni yaradılmış muzey müəssisələrinin işçiləri üçün seminar-treninqlərin keçirilməsi, Gəncədə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin filialının yaradılması, işlə təmin olunma ilə bağlı müraciət ediblər.
Göygöl sakinləri rayonda turizmin inkişaf etdirilməsi, Heydər Əliyev Mərkəzinin eksponatlarla təmin olunması, kitaba marağın artırılmasına xidmət edən layihələrə dəstək göstərilməsi kimi məsələləri qaldırıblar.
Daşkəsən sakinlərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə elektron resursların verilməsi, rayon ərazisində arxeoloji tədqiqatların aparılması və digər məsələlərə dair müraciətləri səslənib.
Kəlbəcər rayonundan olan məcburi köçkünlər musiqi məktəbinə musiqi alətlərinin verilməsi və bir sıra sosial məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, mütəmadi olaraq keçirilən bu cür görüşlər bir çox məsələlərin operativ həllinə imkan yaradır: “Cənab Prezidentin tapşırığı ilə mərkəzi icra hakimiyyətinin rəhbərləri hər ay yerlərdə vətəndaşları qəbul edir, onların problemləri ilə tanış olurlar. Bugünkü qəbulda 30-dək vətəndaş iştirak edirdi. Müxtəlif məsələlər qaldırıldı, xahişlər, mövcud problemlər dinlənildi, bir sıra maraqlı təklif və təşəbbüslər irəli sürüldü”.
Nazir vətəndaşlar tərəfindən mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla təminatı, regionların turizm imkanlarının təbliği və digər məsələlərdə fəallıq göstərməsini təqdir edib: “Tarixi abidələrimizin qorunması, yerlərdə mədəni həyatın daha da canlandırılması ilə bağlı qaldırılan məsələlər insanların tariximizə, mədəniyyətimizə nə qədər həssas yanaşdıqlarını bir daha göstərir. Tarixi abidələr həm də bölgədə turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirilməsi haqqında müvafiq sərəncamına əsasən nazirliyin 15 regional idarəsi yaradılacaq. İslahatlar nəticəsində nazirliyin fəaliyyəti daha da optimallaşdırılacaq, eyni zamanda bu proses bölgələrimizdə mədəniyyət və turizmin inkişafına öz töhfəsini verəcək".

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar