İyunun 10-da Azərbaycan Bəstəkarlar İttifaqının kamera salonunda Fikrət Əmirov adına 6 saylı onbirillik uşaq incəsənət məktəbinin hesabat konserti keçirildi. Bəstəkarlar İttifaqı və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən konsert “Multikulturalizm ili”nə həsr olunmuşdu.

Tədbiri məktəbin Nəzəriyyə şöbəsinin müəllimi Aytən Manafova açaraq qeyd etdi ki, Azərbaycanın multikulturalizm sahəsində nailiyyətləri xalqımızın uzun illər yaşatdığı milli-mənəvi dəyərlərin əsasında formalaşıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu təşəbbüs Azərbaycan xalqının mərhəmət, şəfqət hissi kimi dəyərləri bundan sonra da qoruyub saxlayacağı barədə dünyaya mesajıdır.
Sonra söz musiqiyə verildi. Şagirdlərin ifasında V.Adıgözəlovun “Bayram süitası”, F.Əmirovun “Aşıqsayağı”, “Azərbaycan dağlarında”, T.Quliyevin “Göl qırağında”, “Sevgi valsı”, A.Məlikovun “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi”, P.Çaykovskinin “Noktürn”, F.Şopenin “Vals”, D.Şostokoviçin “Vals-şutka”, A.Dvorjakın “Slavyan rəqsi” və s. əsərlər, “Sarı gəlin” Azərbaycan xalq mahnısı səsləndirildi.
İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycanda multikulturalizm dövlət siyasəti və həyat tərzidir” fikirlərini xatırlatdı: “Bunlar gəlişigözəl sözlər deyil, tariximizə, milli, siyasi, bədii irsimizə əsaslanan fikirlərdir. Çoxmədəniyyətlilik xalqımızın məişətində, şüurunda inkişaf edib və nümunəvi bir məzmun daşıyır. Doğrudur, dünyanın bir çox ölkəsində də bu dəyərlər təbliğ olunur. Amma Azərbaycan nümunəsi bu sırada ən önəmli yerlərdən birini tutur”.
F.Əlizadə qeyd etdi ki, bir konsertdə kollektivin potensialını göstərmək çətindir. O, məktəblilərin ifalarından razı qaldığını bildirdi, onlara uğurlar arzuladı.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov bildirdi ki, gözümüzü bu dünyaya açandan ətrafımızda müxtəlif millətlərin nümayəndələrini görmüşük: “Onlara həmişə hörmətlə yanaşmışıq. Bunu bizə daha çox multikultural mədəniyyətimiz təlqin edib. Azərbaycanda yaşayan xalqlarla ortaq mədəni dəyərlərimiz var. Bunu yaradanlar xalqımızın daha çox bəstəkarları, musiqiçiləri, rəssamları, kino xadimləri və başqalarıdır”.
Sonda məktəbin direktoru, Əməkdar müəllim, bəstəkar Adilə Yusifova tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar