17-19 iyun tarixində Bakıda “Formula 1” Avropa Qran-pri yarışı keçiriləcək. Dünyanın ən həyəcanlı avtomobil yarışmasını izləmək üçün paytaxtımıza çoxlu sayda əcnəbi turist gələcək. Bu mühüm hadisəyə ölkənin turizm sektoru ilə yanaşı, mədəniyyət ocaqları da ciddi hazırlaşıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, “Formula 1” yarışlarından əvvəl və sonra paytaxta yaxın ərazilərdə olan qoruqlara, abidələrə turlar təşkil ediləcək. Artıq bütün mədəniyyət müəssisələri tərəfindən iyunun 21-dək mədəniyyət proqramları hazırlanıb. Üç avtobus və 3 mikroavtobus qonaqların xidmətində olacaq.
Şöbə müdiri qeyd edib ki, həm paytaxt, həm də bölgələr üzrə turizm sektoru mövsümə tam hazırdır. Şimal istiqamətində “Şahdağ” Turizm Mərkəzinin yay turizm imkanlarından da turistlər istifadə edə biləcəklər. Bu il müəyyən fasilədən sonra həm yay idman növləri, həm turistlərin dağ turizm imkanlarından səmərəli istifadəsi ilə bağlı geniş xidmətlər təklif olunacaq. Şimal-qərb istiqaməti üzrə bir sıra rayonlarda turistlərin əyləncəsi, mədəni proqramların təşkili ilə bağlı yeniliklər, axşam konsertlərinin keçirilməsi də nəzərdə tutulur. Bütün bunlar isə ölkəmizə gələn turistlərin sayının artacağını deməyə əsas verir.
* * *
“Formula 1” yarışı günlərində paytaxtın mədəniyyət müəssisələrində də maraqlı proqramlar nəzərdə tutulur. Teatrlar repertuarındakı məşhur nümunələri təqdim edəcəklər.
Ayın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin “Şah İsmayıl” operası nümayiş olunacaq. Dövlət Musiqili Teatrında R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda” və O.Kazımi, R.Heydərin “Qızıl toy” səhnə əsərləri ingilis dilində subtitrlərlə təqdim ediləcək.
Azərbaycan Dövlət Rus Dram Teatrında 17, 18 və 19 iyun tarixlərində M.Lermontovun “Maskarad”, R.Kuninin “Həddindən ziyadə evli taksi sürücüsü” və P.Kalderonun “Məhəbbətlə zarafat etmirlər” tamaşaları göstəriləcək.
Gənc Tamaşaçılar Teatrı “Çəkməli pişik” (Ş.Perro), “Mehmanxana sahibəsi” (K.Qoldoni), “Möcüzəli turp” (rus xalq nağılı) və “Pəri cadu” (Ə.Haqverdiyev) tamaşalarını təqdim edəcək. Pantomima Teatrında Ç.Aytmatovun “Manqurt”, B.Xanızadənin “Fəlakət və insan”, B.Əhmədlinin “Son ştrix” tamaşaları nümayiş olunacaq.
Nizami Kino Mərkəzində “Formula 1” ərəfəsində “Yalan illüziyası 2” bədii filminin və “Avropa çempionatı - 2016” oyunlarının böyük ekranda nümayişinə başlanılıb.
Bugünlərdə muzeylər də iş qrafiklərinə uyğun fəaliyyət göstərəcəklər. Mədəniyyət müəssisələrində keçiriləcək bütün tədbirlər Azərbaycana gələn idmançıların və qonaqların buradan xoş təəssüratla ayrılmasına xidmət edir.
* * *
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “İçərişəhər “Formula 1”in gözü ilə” və “Meydan bazarı” adlı tədbirlər keçirilir. Tədbirlərə iyunun 11-də start verilib. İçərişəhərdə, Qoşa Qala qapısı qarşısındakı meydanda təşkil olunan tədbirlər ayın sonunadək şənbə və bazar günləri keçiriləcək.
“Meydan bazarı”nda ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərlərinin, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində hazırlanan zərgərlik, batika, keramika, taxtaoyma sənəti, eləcə də zəngin milli mətbəx nümunələri təqdim olunacaq. Konsert proqramlarında müasir estrada və caz musiqisi səsləndiriləcək, xalq rəqsləri təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar