Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (ATM) bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədilə “Dəf(i)nə yarpağı” adlı bədii tərcümə mükafatı təsis edib. Müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Tərcümə əsərlərinin qəbul müddəti bu ilin oktyabrın 24-dən dekabrın 20-dək müəyyən edilib. Qaliblərin adı 2015-ci il martın sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.
Müsabiqəyə nəsr (20.000 işarəyə qədər) və poeziya (100 misraya qədər) üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir. Yalnız müsabiqə üçün edilmiş, yeni və çap olunmamış tərcümələr qəbul olunur.
Nəsr və poeziya üzrə tərcümə əsərlərinin qaliblərinə birinci yer üçün 3000, ikinci yer üçün 2000 manat, üçüncü yer üçün 1000 manat pul mükafatı və diplom təqdim ediləcək.
Bundan əlavə, hər nominasiya üzrə 500 manat həvəsləndirici mükafat təqdim olunacaq. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı ATM-in aztc.gov.az saytından əldə etmək olar.