Azərbaycanın paytaxtı daha bir beynəlxalq miqyaslı idman yarışına ev sahibliyi etdi. 17-19 iyun tarixində Bakıda dünyanın ən nüfuzlu avtomobil idmanı yarışması - Formula-1 Avropa Qran-prisi keçirildi.
Ötən il paytaxtımızda ilk dəfə gerçəkləşdirilən Avropa Oyunlarında olduğu kimi, Formula-1 yarışı da həyəcan dolu anları ilə yanaşı, rəngarəng mərasimləri, əyləncəli proqramları və təbii ki, mədəni irsimizin təqdimatı ilə yadda qaldı. Yarışmanı izləmək üçün dünyanın müxtəlif ölkələrindən gəlmiş Formula-1 həvəskarları, turistlər Azərbaycan paytaxtını - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi şəhəri də özləri üçün kəşf etmiş oldular.
İyunun 19-da yarışmanın həlledici mərhələsindən əvvəl Azadlıq meydanında keçirilən açılış mərasimi maraqlı tərtibatı ilə xüsusi diqqət çəkdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak edirdi.
Birinci Avropa Oyunlarından sonra Formula-1 kimi mötəbər yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti missiyanı uğurla doğrultduğunu təsdiqləyir. Təsadüfi deyil ki, gələn il Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.
Beş rəmzin vəhdəti
Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirildi. Mərasim bir anlamda qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə və parlaq idman ənənələrinə malik ölkəmizin təqdimatı oldu.
Formula-1 pilotu olmağı milyonlarla insan xəyal edə bilər. Lakin xəyalları reallığa çevirmək, Formula-1-in sürət həyəcanını yaşamaq, çempion olmaq üçün müstəsna xüsusiyyətlərə, peşəkarlığa malik olmaq lazımdır. Bunun üçün alov kimi qaynar ürəkli, sutək enerjili və qıvraq, külək kimi sürətli, daim irəliyə doğru can atmaqla əzmkarlığa və ayrı-ayrı fərdləri zəfər uğrunda birlikdə çalışmağa həvəsləndirən komanda ruhuna ehtiyac var.
Ehtirası təcəssüm etdirən alov bu yarışmada iştirakın ruhunu ifadə edir. Əllərində alov dalğalarını təcəssüm etdirən bayraqlar tutan oğlanlar və qızlar Azərbaycanın milli musiqisinin sədaları altında meydandan keçdilər. Alov dilimləri ətrafa yayılaraq Azərbaycanın mədəniyyətini, həmçinin Formula-1 həyəcanını mərasim iştirakçılarına və bütün dünyaya çatdırdı.
Alovdan sonra mərasimin ikinci hissəsi olan qıvraqlıq rəmzi su meydanı “ağuşuna aldı”. Rəqs qrupunun üzvləri meydanda müxtəlif mənzərələr yaratdılar. Güclü sürücü olmaq istəyirsənsə, hər zaman dinamikliyi qorumalı və sərt döngələrdə istiqaməti dəyişməyə hazır olmalısan. “Xəzər dənizinə nəzər sal və onun enerjisindən və qıvraqlığından ilham al”, - açılış mərasiminin ikinci hissəsinin ruhu məhz belə idi.
Mərasimin üçüncü hissəsi sürət rəmzi olan külək idi. Külək sürəti daha da artırmağa sövq edir. Milli rəqs qruplarının ifaçıları “Sarı gəlin”in sədaları altında “uçan xalça”larda meydana daxil oldular. Onlar müxtəlif külək effektləri, orijinal fantastik mənzərələr yaradaraq tamaşaçıları xəyallar aləminə aparırlar. Yarış iştirakçıları və şəhərimizin qonaqları özləri də etiraf edirlər ki, bəli, Bakı həqiqətən də küləklər şəhəridir. Bu amil də məhz açılış mərasimində öz əksini tapıb.
Rəqs qrupları daha sonra mərasimin dördüncü hissəsini - qələbə rəmzi olan irəliyə hərəkəti təqdim etdilər. İştirakçılar irəliyə hərəkəti əks etdirən fiqur formasında irəliləyərək meydanda dünyanın ən sürətli idman avtomobillərindən olan Formula-1 bolidini nümayiş etdirdilər.
Nəhayət, ifaçılar mərasimin sonuncu - beşinci hissəsi olan birliyi, ölkələrin ittifaqı hissəsini təqdim etdilər. Formula-1 çempionu heç vaxt yalnız deyil. O, qələbə uğrunda birlikdə çalışan komandanın bir hissəsidir. Formula-1 Avropa Qran-pri yarışı da Azərbaycanı, habelə Avropa, Asiya, Amerika, Avstraliya, bir sözlə, bütün dünyanı birləşdirən bir arzudur.
Açılış mərasiminin sonunda Azərbaycanın üçrəngli nəhəng bayrağı alqış sədaları altında meydana gətirildi.
* * *
Açılış mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yarışın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.
“Formula One Management”in prezidenti Berni Ekklstoun məlumat verdi ki, böyük bir ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula-1 rəhbərliyinin ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. İkinci mərtəbə Paddok klubun üzvləri üçün nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını da rahatlıqla izləyirlər. Yarışın startı və finişi məhz bu ərazidə yerləşir.
* * *
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 40 nəfərdən ibarət kollektivi tərəfindən dövlət himnimiz ifa olunduqdan sonra Formula-1 Avropa Qran-prisinin final mərhələsinə start verildi.
Qeyd edək ki, bir gün əvvəl keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın məsafədə “Mercedes”in pilotu Niko Rosberq dayanmışdı. Onun ardınca isə “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo və “Ferrari”nin pilotu Sebastian Fettel yer aldılar. Beləliklə, 22 pilot qalib adı uğrunda mübarizəyə qatıldı.
Sürət, həyəcan və yenə sürət...
Qeyd edək ki, Formula-1 birnəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Bu yarışlar 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Qeyri-rəsmi olaraq Formula-1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılır. Yarışlar il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mixael Şumaxer qazanıb, düz 7 dəfə. Bakı Qran-prisi isə cari çempionatın səkkizinci mərhələsi idi.
Bakı Qran-prisində trekin uzunluğu 6 kilometr idi. Pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurmalı idilər. Yarışlar zamanı təhlükəsizlik də ən yüksək səviyyədə təmin olunmuşdu. Turnirdə orta sürət saatda 210, maksimum sürət isə 340 kilometr idi.
Xatırladaq ki, Bakıda Formula-1 Avropa Qran-pri yarışının ilk günündə (17 iyun) əvvəlcə hər biri iki pilotdan ibarət 11 komanda birinci test yürüşünə qatılmışdı. Pilotlar öz bolidləri ilə 6 kilometrlik Bakı trekində yarışdılar. İlk test yürüşündə “Mercedes”in sürücüsü Luis Hamilton 1 dəqiqə 46 saniyə ilə birinci oldu. Onun komanda yoldaşı Niko Rosberq mübarizəni ikinci, Valtteri Bottas üçüncü, Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso isə dördüncü yerdə başa vurdu. İyunun 17-də keçirilən ikinci test yürüşündə də “Mercedes”in pilotu Luis Hamilton birincilik qazandı.
İyunun 18-də Formula-1 azarkeşləri Avropa Qran-prisinin ikinci günündə də maraqlı idman mübarizəsinin şahidi oldular. Üçüncü test yürüşünə də hər biri iki pilotdan ibarət 11 komanda qoşuldu. Bu mərhələni “Mercedes” komandasının britaniyalı pilotu, üçqat dünya çempionu Luis Hamilton birinci, onun komanda yoldaşı Niko Rosberq ikinci, “Force İndia” komandasının pilotu Niko Hulkenberq isə üçüncü pillədə başa vurdular.
Həmin gün baş tutan sıralama yürüşündə isə “Mercedes” komandasının pilotu Niko Rosberq rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatmış, bununla da Avropa Qran-prisinin final mərhələsində pilotların düzülüşü müəyyən olunmuşdu.
Bolidlər dənizkənarı bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirdilər. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları şəhərin tam simasını görmək imkanı qazanmışdılar.
Gərgin idman mübarizəsi şəraitində keçən Bakı Qran-pri finalının qalibi “Mercedes” komandasının üzvü Niko Rosberq oldu. Almaniyalı pilot məsafəni 1 saat 32 dəqiqə 52 saniyəyə qət etdi. İkinci yerə “Ferrari” komandasının almaniyalı pilotu Sebastian Fettel çıxdı. Üçüncü yerdə isə “Force İndia” komandasının meksikalı pilotu Serxio Peres qərarlaşdı.
“Mercedes” fərqi - pilot və komanda zəfəri
Qaliblərin mükafatlandırılması mərasimində birinci yeri tutan pilotun - Niko Rosberqin şərəfinə Almaniyanın dövlət himni səsləndirildi.
Niko Rosberqə kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə mühəndislər kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim etdi.
İkinci yerin sahibi Sebastian Fettelə kubok gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan Serxio Peresə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim olundu.
Xatırladaq ki, bu, Niko Rosberqin mövsümdə 5-ci, karyerasında isə 19-cu qələbəsidir. Hesabına 25 xal əlavə edən Niko Rosberq ümumi sıralamada liderlik mövqeyini bir qədər də möhkəmləndirdi. Hazırda onun hesabında 141 xal var. Niko Rosberqin komanda yoldaşı, britaniyalı Luis Hamilton 117 xalla ikinci yerdə qərarlaşıb. Ümumi hesabda ilk üçlüyü 96 xalla Sebastian Fettel tamamladı.
Bununla da Formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsi olan Bakı Avropa Qran-prisi başa çatdı. Çempionatın növbəti - doqquzuncu yarışı olan Avstriya Qran-prisi iyulun 1-3-də keçiriləcək.
* * *
Qeyd edək ki, iyunun 19-da Formula-1 Avropa Qran-prisinin əsas yarışdan əvvəl GP2 pilotları cari ildə sonuncu dəfə Bakı trekinə çıxıblar. Onlar Formula-1-ə dəstək məqsədilə yarışda ikinci yürüşlərini keçiriblər.
Pilotlar bolidləri ilə 45 dəqiqə ərzində 120 kilometr məsafə qət ediblər. GP2 iştirakçılarının ilk yürüşündə “Prema Racing” komandasından Antonio Covinatsi finişə birinci çatmışdı. “ART Grand Prix” komandasının üzvü Sergey Sirotkin ikinci, “Russian Time” komandasının pilotu Rafael Marçello isə üçüncü olmuşdu.
İkinci yarış da italiyalı pilot Antonio Covinatsinin qələbəsi ilə başa çatıb. Onun komanda yoldaşı Pyer Qasli ikinci, “ART Grand Prix” kollektivinin pilotu Sergey Sirotkin isə üçüncü olub.
Qalibləri Bakı Şəhər Halqasının direktoru Arif Rəhimov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və digər rəsmilər mükafatlandırıblar.