17-19 iyun tarixində Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışları iştirakçı və izləyicilərə həyəcan dolu anlar yaşatmaqla yanaşı, paytaxtımızın həyatında da tarixi günlər oldu. 100-dən çox ölkəyə yayımlanan bu yarışmanı milyonlarla insan izlədi və bu vəsilə ilə Bakının gözəlliyi ilə tanış oldu.
Bu günlərin əsas anlamını sürət təşkil etdi. Bu üç gün də sürətlə keçdi. Bir tərəfdən yarış maşınlarının - bolidlərin sürəti, digər tərəfdən də yarışmanı izləmək üçün Bakıya gəlmiş əcnəbi turistlərin qatıldığı bir-birini əvəzləyən tədbirlər, əyləncəli proqramlar, konsertlər.
Dənizkənarı Milli Parkda yarışı izləməyə gələn insanlar üçün xüsusi əyləncələr təşkil olunmuşdu. Yarışmanı canlı izləmək şansını qaçırmayanlar üçün “Formula-1 şəhərciyi”ndə bolidlərin simulyatoru quraşdırılmışdı. Yarışmaya qatılmış tamaşaçılar pilotların keçirdikləri həyəcanı yaşamaq istəyirdilərsə, bu attraksionun köməyindən istifadə edirdilər. Bundan başqa tramplin şou, motosikl şou, eyni zamanda uşaqların da əyləncəsi yaddan çıxmamışdı. Yarışmanı izləmək üçün bilet almış hər kəs əlavə ödəniş etmədən bütün əyləncə vasitələrindən istifadə etmək şansını qazanmışdı.
Hər bir ölkədə turistlərin belə beynəlxalq yarışda rahat istirahəti və əylənməsi üçün təhlükəsizlik tədbirləri olduqca vacibdir. Elə buna görə də müvafiq qurumlar yarış günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərirdi. Gün boyu təhlükəsizlik qüvvələri həm paytaxt küçələrində, həm də helikopterlərlə müşahidələr apararaq insanların təhlükəsizliyini yüksək səviyyədə təmin etdilər. Eyni zamanda yanğınsöndürən və təcili tibbi yardım maşınları da Formula-1 yarışlarının keçirildiyi ərazilərə yaxın yerlərdə növbə çəkirdilər. Yerli vətəndaşların və ölkəmizə gələn turistlərin rahat şəkildə mənzil başına çatmaları üçün xüsusi ayrılmış taksilər 24 saat xidmət göstərirdi.
Bir sözlə, Formula-1 Avropa Qran-prisi Bakı və ümumilikdə ölkəmiz üçün bu qəbildən mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili baxımdan növbəti uğurlu sınaq və yeni təcrübə oldu.
Fariz Hüseynov