Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında həyata keçirdiyi vandalizm aktları diqqətə çatdırılıb
İyunun 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində “Mədəniyyət və demokratiya” mövzusunda müzakirələr aparılıb.
Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal etdiyi torpaqlarda azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələrin dağıdıldığını diqqətə çatdırıb.
O, sessiyada Ermənistan nümayəndə heyəti üzvünün Azərbaycanla bağlı səsləndirdiyi iftiralara cavab olaraq bildirib ki, erməni deputat təcavüzkar ölkəsinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışsa daha yaxşı olardı.
Millət vəkili deyib: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları məhv edərək azərbaycanlılara məxsus bütün mədəniyyət izlərini yox etməyə çalışır və bu, çox dəhşətlidir. Ermənistan Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər dünya mədəniyyətinə də böyük zərbə vurur. Harada kimlər tərəfindən törədilməsinə baxmayaraq, Assambleya bu cür məsələlərə kəskin etiraz etməli, bu kimi vandalizm aktlarını törədənlərə qarşı ciddi mübarizə aparmalıdır”.
Deputat vurğulayıb ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə yaşadığı bir ölkədir və mədəniyyətlər, sivilizasiyalararası dialoqa böyük önəm verir, bu istiqamətdə beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi edir. “Bu gün Azərbaycan əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib”, - deyən Q.Paşayeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, müxtəlif layihələr barədə danışaraq Azərbaycanın bu məsələlərdə dünyada örnək ölkələrdən biri olduğunu söyləyib.