Əfsanəvi partizan “Xarko”nun şücaəti bu gün də unudulmur

Fransanın Montauban şəhərinin yaxınlığında II Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının iştirakçısı olmuş əfsanəvi Əhmədiyyə Cəbrayılovun və Maquis de Kabertatda qusar (yüngül silahlı süvari) polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsini əbədiləşdirmək məqsədilə qoyulmuş abidənin açılışı keçirilib. Xatirə abidəsi Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə qoyulub.

Bu münasibətlə Montauban şəhərinin yaxınlığında yerləşən Kabertat mavzoleyinin qarşısında keçirilən mərasimdə Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət üzrə müşaviri Ayaz Qocayev, deputat Valeri Rabaultin, Müdafiə Nazirliyi yanında Veteranlar İdarəsinin yerli bölməsinin direktoru Pyer Amestoy, Monklar, Vaissak, Negrepelisse, Montriko və Puygaillar şəhərlərinin merləri iştirak edib.
Tədbir 1944-cü il iyunun 20-də nasistlər tərəfindən Maquisdə qətlə yetirilmiş Fransa Müqavimət Hərəkatının üzvlərini anmaq üçün dini mərasimin icrası ilə başlayıb.
Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin rəhbəri Marie-Laetitia Gourdin çıxışında bildirib: “Bu gün Maquis de Kabertatda Midi-Pyrenees, Vosges və Alzas regionlarında qusar polkunda döyüşən azərbaycanlıların, xüsusilə Əhməd Mişel kimi tanınan və ya partizan yoldaşları tərəfindən “Xarko” adlandırılan Əhmədiyyə Cəbrayılovun anım mərasiminə toplaşmışıq. İkinci Dünya müharibəsində Qızıl Ordu sıralarında nasistlərə qarşı rəşadətlə mübarizə aparan Əhmədiyyə 1944-cü ilin yazında Fransa Müqavimət Hərəkatına qoşulmamışdan əvvəl Ukrayna və Fransada yerləşən düşərgələrdə əsir olub”.
Mərasimdə çıxış edən Ayaz Qocayev deyib ki, İkinci Dünya müharibəsi Azərbaycan ərazisinə çatmasa da, azərbaycanlılar faşizm üzərində Qələbəyə böyük töhfələr veriblər. 600 mindən artıq Azərbaycan sakini bu müharibədə iştirak edib və onların yarısı həlak olub. Bakı nefti Qələbənin əldə olunmasında tarixi rol oynayıb. Azərbaycanlılar Avropadakı Müqavimət Hərəkatının müxtəlif ölkələrdən olan üzvləri ilə çiyin-çiyinə vuruşublar. Onlardan ən tanınmışı Əhmədiyyə Cəbrayılov Fransanın ən yüksək rəsmi mükafatlarından olan “Fəxri Legion” ordeninə və Fransanın Milli Qəhrəmanı adına layiq görülüb.
Müqavimət Hərəkatının üzvü Rene Çambardın oğlu 1977-ci ildə Əhmədiyyənin onun atasını son dəfə ziyarət etməsi haqqında xatirələrini bölüşüb.
Tədbirdə Azərbaycanın dilbər guşəsi olan Şəkidə dünyaya göz açmış Əhmədiyyə Cəbrayılovun hünər və şücaət dolu həyat hekayəsindən söz açılıb. Bildirilib ki, Gestapo (faşist Almaniyasının xüsusi polis idarəsi) “Xarko” ləqəbli partizanın başına görə 10 min alman markası məbləğində mükafat təyin etmişdi.
Müharibədən sonra Sovet İttifaqına qayıdan Əhmədiyyə Cəbrayılov təqiblərə məruz qalıb. 1966-cı ildə ona bəraət verilib. Bu, Fransa Prezidenti, Müqavimət Hərəkatının rəhbəri olmuş general Şarl de Qolun Sovet İttifaqına səfəri zamanı baş verib. Şarl de Qolun Ə.Cəbrayılovu görmək istəyi onun bir gecədə məşhur olması ilə nəticələnib. Əfsanəvi partizan Fransanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar