“Multikulturalizm ili” çərçivəsində Xaçmazda beynəlxalq festival keçirildi

İyunun 24-də Xaçmaz şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçirildi. “Multikulturalizm ili” çərçivəsində təşkil olunan festival “Multikulturalizmin alternativi yoxdur” şüarı altında gerçəkləşdi.

Duz-çörəkli, qonaqpərvər Xaçmaz

Əvvəlcə tədbir iştirakçıları Xaçmaz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoydular. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tədbirə qatılan xarici ölkələrin nümayəndələri abidənin yaxınlığında inşa edilən Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Sonra Xaçmaz Şəhər Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında qonaqları milli azlıqların nümayəndələri öz milli geyimlərində duz-çörəklə qarşıladılar. Tədbir iştirakçıları şəhərin mədəniyyət və istirahət parkında ölkəmizdə yaşayan milli azlıqların mədəniyyətini əks etdirən sərgi ilə tanış oldular. Burada “Azərbaycan - dünya multikulturalizminin ünvanlarından biri” başlığı altında 10-dan artıq rayonun uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin 100-dən çox rəsmi nümayiş olunurdu. Ölkəmizdə yaşayan milli azlıqların mədəniyyətini əks etdirən tətbiqi sənət nümunələrindən ibarət sərgi, kitab və kulinariya sərgiləri, folklor musiqisindən ibarət “Bizim vətənimiz Azərbaycandır” adlı konsert proqramı, pəhləvanların öz bacarıqlarını nümayiş etdirmələri festival iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

“Azərbaycan multikultural ənənələri ilə digər ölkələr üçün nümunədir”

Sonra Tarix-Diyarşünaslıq muzeyinin media zalında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev mətbuat nümayəndələri üçün brifinq keçirdilər.
Nazir “Multikulturalizm ili” çərçivəsində tədbirlərin Bakı ilə yanaşı, regionlarda da təşkilindən məmnunluğunu ifadə etdi, festivalın keçirilməsində yaxından iştirakına görə rayon İcra Hakimiyyətinə və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzə təşəkkürünü bildirdi. Qeyd olundu ki, ölkəmizdə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin, xarici qonaqların iştirakı ilə keçirilən tədbirə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin də qoşulması sevindirici haldır.

Əbülfəs Qarayev 1996-cı ildə ilk dəfə keçirilən Gənclər Forumunu yada salaraq ulu öndər Heydər Əliyevin həmin tədbirdə dediyi “Mən arzu edirəm ki, Azərbaycan gəncləri Nizamini, Füzulini azərbaycanca, Şekspiri ingiliscə, ərəb şairlərini də ərəbcə oxusunlar” sözlərini xatırlatdı. Bildirdi ki, bu fikir gəncləri mədəniyyətlərarası dialoqa yönəldir.
Heydər Əliyev Fondunun “Multikulturalizm ili” çərçivəsində həyata keçirdiyi irimiqyaslı tədbirlərin əhəmiyyətindən də söz açan nazir vurğuladı ki, Azərbaycan mədəniyyəti Azərbaycan xalqının sərvətidir və bu sərvətə ölkəmizdəki milli azlıqların nümayəndələrinin bəxş etdiyi rəngarənglik bu mirası daha da zənginləşdirir. Azərbaycanın multikultural ənənələrə sadiqliyi digər ölkələr üçün nümunədir.
Multikulturalizm festivalının davamlı olacağına əminliyini ifadə edən Əbülfəs Qarayev festivalın kubokunu rayon İcra Hakimiyyətinin başçısına təqdim etdi. 2017-ci ildə Qubada təşkil olunacaq növbəti festivalın rəmzi açarı bu rayonun Mədəniyyət və Turizm şöbəsinin müdirinə təqdim edildi.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək festivala 39 rayondan mədəniyyət işçilərinin qatıldığını, milli azlıqların nümayəndələrinin sevinc və həvəslə bu tədbirə öz töhfələrini verdiklərini bildirdi. İcra başçısı Mədəniyyət və Turizm Nazirliyinin bölgələrdə dinamik fəaliyyətini yüksək qiymətləndirdi.
* * *
Tədbir çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəniyyət dərnəyi ilə Xaçmaz Rayon Mədəniyyət Mərkəzi arasında, həmçinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzlə Belarus Respublikası Xalq Sənətləri və Mədəni Maarifləndirmə İşləri üzrə Metodiki Mərkəz arasında əməkdaşlığa dair memorandumlar imzalandı.
Sonra multikulturalizm ənənələrini dövri mətbuatda təbliğ edən KİV nümayəndələrinin mükafatlandırma mərasimi oldu. İcra başçısı və nazir Əbülfəs Qarayev mükafatları sahiblərinə təqdim etdilər. Mükafata layiq görülənlər arasında “Mədəniyyət” qəzeti də var.
Daha sonra festival “Multikulturalizmin alternativi yoxdur” mövzusunda elmi-praktik konfransla davam etdi.
Nazir Əbülfəs Qarayev konfransı açaraq tədbirin əhəmiyyətini vurğuladı. Şəmsəddin Xanbabayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək bu kimi tədbirlərin ölkəmizdəki multikultural mühitə töhfə verdiyini bildirdilər. Konfransda mövzu ilə bağlı məruzələr dinlənildi.

Təəssüratlar...

Festivalda iştirak edən müxtəlif ölkələrin nümayəndələrinin tədbirlə bağlı təəssüratlarını öyrəndik.
Belarus Respublikasının Xalq Sənətləri və Mədəni Maarifləndirmə İşləri üzrə Metodiki Mərkəzinin rəhbəri Oleq Xmelkov festivalda iştirakından məmnunluğunu bildirdi: “Azərbaycanda müxtəlif xalqların adət-ənənələrinin bu qədər zəngin olmasından xəbərsiz idim. Bu gün mən, sözün əsl mənasında, təəccübləndim. Milli azlıqların interaktiv şəkildə öz musiqi və folklorlarını nümayiş etdirməsi çox xoşuma gəldi. Gələcəkdə bu təcrübədən öz işimdə də yararlanmağı nəzərdə tuturam”.
İstanbul Böyükşəhər Bələdiyyəsi mədəniyyət dərnəyinin üzvü, koordinator Turqay Kılıç da festivaldan razı qaldığını dedi: “Bir xalqın bütöv olması üçün multikultural dəyərlərin qorunması mühüm şərtdir. Müxtəlif milli azlıqların öz mədəniyyətlərini paylaşması böyük bir mədəniyyət bayramıdır”.
Qazaxıstan Milli İncəsənət Universitetinin əməkdaşları, Rusiyanın ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi festivalın yüksək səviyyədə təşkilindən, multikultural dəyərlərin qorunmasında Azərbaycan təcrübəsinin tətbiqinin vacibliyindən söz açdılar.
* * *
Yol boyu müxtəlif millətlərin nümayəndələrinin səmimi ünsiyyətinin yaratdığı ortam da özlüyündə multikultural nümunə idi. Elmi-Metodik Mərkəzin əməkdaşı Zəbulla Quliyevin oxuduğu folklor parçalarına qonaqların öz folklor nümunələrini əlavə etməsi hər kəsdə xoş ovqat yaradırdı.
Tədbir müddətində mənim üçün ən maraqlı məqamlardan biri də türkiyəli qonaqların Azərbaycan xalq mahnılarını əzbərdən, sevə-sevə ifa etmələri, hətta unutduğumuz folklor nümunələrini belə bizə xatırlatmaları idi. Beləcə, sözlü-nəğməli, sənət zənginlikləri ilə dolu bir festival tarixə qovuşdu.

Lalə Azəri