Kitablarımız müsabiqənin müxtəlif nominasiyalar üzrə mükafatlarına layiq görülüb

Qırğızıstanın paytaxtı Bişkekdə MDB iştirakçı-dövlətlərin “Kitab incəsənəti” XIII Beynəlxalq müsabiqənin yekunları ilə bağlı münsiflər heyətinin iclası keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova iştirak edib.

“Kitab incəsənəti” müsabiqəsinin əsas məqsədləri MDB ölkələrinin kitab naşirlərinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, bu ölkələrdə kitab nəşriyyatı mədəniyyətinin və kitab sənətinin inkişafı, ən yaxşı nəşriyyat sistemlərinin populyarlaşdırılması və qarşılıqlı mübadilənin aktivləşdirilməsidir.
Layihənin əsasnaməsinə uyğun olaraq müsabiqəyə son ildə MDB dövlətlərdə nəşr edilmiş çap məhsulları təqdim olunur. Müsabiqə 10 nominasiya (“Birlik”, “Mənim ölkəm”, “Uşaq və gənclər üçün kitab”, “Mədəniyyət dialoqu”, “Elm və innovasiya”, “Art-kitab”, “İllüstrasiya incəsənəti” və s.) üzrə keçirilir. Ənənəvi olaraq hər il müsabiqədə ölkəmizdə işıq üzü görmüş kitablar da uğurla iştirak edir.
Budəfəki müsabiqəyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 18 kitab, o cümlədən 10 uşaq ədəbiyyatı nümunəsi təqdim olunub. Bu il də kitablarımız müxtəlif mükafatlar qazanıb.
“Birlik” nominasiyası üzrə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş kitab-kataloq, “Mədəniyyət dialoqu” nominasiyası üzrə akademik İsa Həbibbəylinin ingilis dilində “Azərbaycan ədəbiyyatı” (“Azerbaijani Literature” kitab-albomu (hər ikisi Mədəniyyət və Turizm Nazirliyinin nəşri), “Elm və innovasiya” nominasiyası üzrə T.Əhmədovun müəllifi olduğu “Mir Cəlal” kitabı, “Art-kitab” nominasiyası üzrə Çingiz Fərzəliyevin “Azərbaycan Dövlət İncəsənət Muzeyi” foto-albomu (nazirliyin nəşri) I yerə layiq görülüb.
Bundan əlavə, “Uşaq və gənclər üçün kitab” nominasiyası üzrə Leyli Salayevanın “Dilbərin qaşıq səyahəti” (Azərbaycan və ingilis dillərində), “Tədris ədəbiyyatı və təhsil” nominasiyası üzrə “Azərbaycan kitabxana ensiklopediyası” (Milli Kitabxananın nəşri) II yeri, “İllüstrasiya incəsənəti” nominasiyası üzrə Z.Xəlilin “Dovşanlar, çəpişlər və başqaları” (rus dilində) III yeri qazanıb.
Beynəlxalq münsiflər heyətinin qərarı ilə Sevinc Nuruqızının “Qədim Bakıya səyahət” (Azərbaycan və ingilis dillərində) kitabı həvəsləndirici diplomla təltif olunub.
Həmçinin, “Art-kitab” nominasiyası üzrə Rusiya Federasiyası tərəfindən müsabiqəyə təqdim olunmuş “Azərbaycan təsviri sənəti” (“İzobrazitelnoe iskusstvo Azerbaydjana”) foto-albomu III yerə, “Birlik” nominasiyası üzrə isə Qırğızıstan Respublikası tərəfindən təqdim olunmuş azərbaycanlı yazıçı Yunus Oğuzun “Əmir Teymur” (“Temirlan”) ikicildliyi kitabı II yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqədə qalib gəlmiş kitabların diplomları bu ilin sentyabrında Moskva şəhərində keçiriləcək ənənəvi beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan nümayəndə heyətinə təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar