maraq göstərəcək. Çünki kitab tələsən dünyada sakitlik və düşüncə mənbəyidir”
İyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin təqdimatı keçirildi. Kitabsevərlərin marağına səbəb olacaq yeni guşə Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında fəaliyyət göstərir.
Milli Kitabxananın direktoru Kərim Tahirov mərasimi açaraq bildirdi ki, açıq kitabxana 24 saat ərzində insanların sərbəst şəkildə kitab mütaliə etməsinə imkan verəcək. Burada oxucularla yanaşı, yazıçılar, şairlər, ziyalılar və alimlər tərəfindən kitabxanaya təqdim olunan kitablar da yer alacaq. Açıq kitabxanada Azərbaycanda və xarici ölkələrdə çap olunan istənilən kitabın onlayn sifarişi və oxuculara çatdırılması təşkil olunacaq. Bir sözlə, layihə oxucularla müəlliflərin görüş yerinə çevriləcək, kitabla oxucular arasında fəal əlaqələndirmə funksiyasını yerinə yetirəcək. Açıq kitabxanada uşaq guşəsi, dövri mətbuat bölməsi və milli musiqi guşəsi də yaradılıb.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin əhəmiyyətindən söz açdı: “Bu gün gecə-gündüz fəaliyyət göstərəcək bir kitab guşəsi insanların istifadəsinə verilir. Burada kitabların mütaliəsi ilə bərabər, mübadiləsinə də gözəl bir imkan yaranıb. Layihədən kitabı sevən hər kəs sərbəst, qeydiyyatsız yararlana biləcək. Bu layihə mütaliənin təbliğinə də təkan verəcək. Artıq bu təcrübə respublikanın bir sıra rayonlarında da tətbiq olunmağa başlayıb. Rayonlardan fərqli olaraq burada xidmət 24 saat nəzərdə tutulub”.
Nazir qeyd etdi ki, bu cür layihələr insanları kitaba daha da yaxınlaşdırır. Şəhərdə fəaliyyət göstərən istirahət mərkəzlərində belə guşələrin yaradılması müsbət qarşılanır və müxtəlif park və kitabxanalarda layihəni davam etdirmək məqsədəuyğundur: “Kitab yaşayır və Azərbaycan həmişə kitabsevər ölkə kimi tanınıb. Respublikamızda fəaliyyət göstərən kitabxanalar müasir metodologiyalara uyğun fəaliyyətlərini davam etdirir. Region kitabxanalarının böyük əksəriyyəti öz rayonlarının iqtisadi inkişafı baxımından maraqlı olan istiqamətlərə xüsusi önəm verir, bu sahəyə aid ədəbiyyatla əhalini təmin edir, konfrans və seminarlar keçirirlər. Ümidvaram ki, gənc nəsil də yeni texnologiyaların inkişafına baxmayaraq, hər zaman kitaba maraq göstərəcək. Çünki kitab tələsən dünyada sakitlik və düşüncə mənbəyidir”.
Əbülfəs Qarayev açıq kitabxanada “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsinin də fəaliyyət göstərməsini yüksək qiymətləndirdi, paytaxt sakinlərini bu aksiyada yaxından iştirak etməyə çağırdı.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Milli Məclisin deputatları Nizami Cəfərov, Qənirə Paşayeva və başları çıxış edərək kitabla bağlı hər bir tədbirin yazarlarla bərabər oxucular üçün də bayram olduğunu bildirdilər. Qeyd olundu ki, yeni formatda kitab xidmətinin yaradılması sevindirici hadisə, gözəl təşəbbüsdür. Çünki hər bir cəmiyyətin inkişafı kitabdan başlanır.
Bildirək ki, “Açıq kitabxana” layihəsi çərçivəsində poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlərin keçirilməsi, yeni kitabların təqdimat mərasimlərinin təşkili nəzərdə tutulur.
Lalə