Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinə həsr olunmuş tədbir
İyulun 15-də Yarat Müasir İncəsənət Məkanında “Yarat Friends”, Beynəlxalq Multikultural Şəbəkə və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) birgə təşkilati dəstəyi ilə “Multikulturalizm ili” çərçivəsində “Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal perspektivləri” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq ölkəmizin dözümlülük, tolerantlıq məkanı olduğunu, burada tarixən bütün etnosların qardaş kimi yaşadığını, milli-dini zəmində qarşıdurmanın baş vermədiyini qeyd edərək, bu gün müstəqil Azərbaycanın öz siyasətini bu təməl üzərində qurduğunu xüsusi vurğulayıb.
YARAT Müasir İncəsənət Məkanının bədii direktoru Byorn Qeldhof, YARAT-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hökümə Kərimova, AGAT-ın sədri Nərgiz Xələf, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışlarında qeyd ediblər ki, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir. Azərbaycan Prezidenti tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bunun bariz nümunəsidir. Dövlət siyasətinin multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin zənginləşdirilməsinin, beynəlxalq aləmdə təbliğinin zəruriliyi qeyd edilib.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək bildirib ki, Azərbaycan multikulturalizm anlayışını yaşadır və onun dünyaya bariz nümunəsini göstərir. Qeyd olunub ki, müxtəlif dinlərin nümayəndələri tarix boyu Azərbaycanda mehribanlıq şəraitində yaşayıblar. Azərbaycan bu gün də bu ənənələri yaşadır və dünyaya bir nümunə göstərir.
Sonra Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova beynəlxalq səviyyədə elan olunan “Multikulturalizm hər yerdə: foto və poster müsabiqəsi-2016”, respublika çərçivəsində elan olunan “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri” mövzusunda analitik yazı müsabiqəsi barədə məlumat verib, şəbəkənin nəzdində xaricdə fəaliyyət göstərən “Ölkə təmsilçiləri”ni təqdim edib.
Tədbirin sonunda Beynəlxalq Multikultural Şəbəkənin adından tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə “Yarat Friends” təşəkkürnamə ilə təltif olunub.