O vaxtlar azərbaycanlılar onu “Gəncəli müdrik”, almanlar “Məhəbbət-Adam” adlandırırmışlar...

Zənnimcə, onun “özəl” həyat qəribəlikləri gözəl yaradıcılığını xeyli dərəcədə “qəribliyə” salıb tarixən. Bu qəribəliklərdən biri (əslində, birincisi) “Bodenştedt macərası”dır ki, bu, şairin həmkarı, dostu və milli inkişaf-intişar əqidədaşı olmuş Mirzə Fətəlinin “Kimyagər”indəki “...iksir barədə fikirləşərkən meymunu yada salmamalısınız” epizodunu xatırladır.

Onun ömrünə Bodenştedt adlı irfan “tufanından” öncə xəfifcə bir ruzi yeli əsib. Belə ki, Bağdada səfərində bir sufi dərvişlə tanış olan və onun fəlsəfi ideyalarının ardıcılına çevrilən əslən gəncəli, ticarətdə əli gətirmiş Hacı Abdulla Gəncəyə qayıdandan sonra Şərqin panteist fəlsəfi fikri ilə maraqlanan Mirzə Şəfi üçün bir işığa çevrilir. Bu işıq onun daha böyük bir mirzə ilə - M.F.Axundzadə, ədəbi sehrbaz Fridrix Bodenştedtlə tanışlığa, nəticə etibarilə doğma ölkəsindən əlavə, bütün Avropada məşhurluğa aparan yolu nura qərq edir. 1840-cı ildə Mirzə Fətəli Mirzə Şəfinin Tiflisdəki uyezd məktəbinə müəllim qəbul edilməsinə yardımçı olur və o - 1848-1850-ci illərdə Gəncədə çalışmasını nəzərə almasaq - ömrünün sonuna qədər burada işləyir. Tiflisdə tək elə müəllimliklə kifayətlənməyən Mirzə Şəfi azərbaycanlı şagirdlər üçün “Kitabi-türk” adlı dərs vəsaiti yazır. Hansı ki, həmin kitabdakı “müdrik deyimlər və təlimatlar” sonradan Bodenştedt tərəfindən mənimsənilmiş - əsl müəllifi göstərilmədən təkrar nəşr edilmişdi.
Onu kütlə qəflətinə qarışıb yatmağa, ələmlər içərisində batmağa qoymayan aydın təfəkkür və -

Aləm qələm

Qulağı oxşayan boş hecalardan,
Min cürə uydurma macəralardan,
Cənnət, cəhənnəmdən, dənizdən, çaydan,
Güldən və bülbüldən, günəşdən, aydan,
Hicrandan, vüsaldan, qəmdən, kədərdən,
Min dəfə çeynənmiş qafiyələrdən,
Şeir quraşdırıb mızıldayanlar!
Sizə şair kimi min nifrətim var!
Çünki tutduğunuz bu yol asandır,
Təkcə axmaqlarçün “ürəkaçandır”.
Şeriniz ürəyi gətirməz cuşa,
Qanan kəslər üçün bəladır başa!


Mirzə Şəfi Tiflisdəki daha geniş, daha qaynar mühitdə Gəncə ədəbi qovşağı ilə əlaqəni kəsmir, “Divani-hikmət” ədəbi məclisini davam etdirir, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, şairlərdən Naseh, Məhəmməd Həsən, Mirzə Abdulla və başqaları ilə ünsiyyət imkanı qazanır. Qarşılıqlı əlaqələr, ədəbi qidalanmalar Mirzə Şəfini tam realizə edir və o, Tiflisdə Azərbaycan ədəbi-mədəni mühitinin intişar məntəqəsinə çevrilir. Və... 1843-cü ildə Fridrix Bodenştedt də bu məntəqəyə qədəm basır.
Sən demə, yaşca M.Şəfidən 25 il kiçik, təhsilcə isə müqayisəyəgəlməz dərəcədə böyük (Almaniyanın üç məşhur universitetini bitirmişdi), Moskvadan Tiflisə gəlib xarici dilləri tədris edərkən Şərq dillərini də öyrənmək fikrinə düşən Bodenştedtin taleyi onu poeziya oğruluğuna gətiribmiş - xatirələrində mələklik etsə də: “O zaman mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (türk) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət üçün vacib sayılırdı. Bu dili bilən hər kəs hər yerdə rus dilini bilmədən də baş çıxara bilərdi”.
Bodenştedtin tanışları müəllim seçimində məhz Mirzə Şəfini - Gəncədə və Tiflisdə fərdi dərs deməkdə böyük və təkrarsız təcrübəsi olan şairi məsləhət görürlər. Sonralar öz plagiatlığı ilə bütün dünyanı heyrətləndirəcək Bodenştedt hələ qəlbinə şeytan girməmişdən yazdığı “Xatirələr”ində belə heyrətlənirdi: “Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. O, dediklərinin, diktə etdiklərinin, sitat gətirdiklərinin hamısını yaddaşından nəql edirdi!..”
Mirzə Şəfi çox zaman öz şeirlərini də ona diktə edər, hələ “məsum tələbə” dövrünü yaşayan, lakin həm də Tiflis ermənilərilə də bu dildə “xosunlaşıb” onların hal-xoyunu götürən Bodenştedt isə gələcək oğurluq işi üçün o şeirləri dəftərinə köçürərdi.
O şeirlər ki (!):

Tulla gəl çadranı... görünsün üzün
Gül də gizlədərmi de, bağda özün?
Səni qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.
De, bunca lətafət, bunca məlahət,
Solsun dar qəfəsdə neyçün, nəhayət!
Tulla gəl çadranı... bilsin ki, dünya
Yoxdur yer üzündə sənin tək afət.
Sənə, çadra kimi ey incə mələk,
Tək gecə zülməti olsun bürüncək...

Hə, ovaxtlar dünyaya təpədən-dırnağa çadrada təqdim edilmiş Şərqi bu cür təsvir edən bu misraları avropalı alman necə təəccüb və sevgilərlə qarşılamayaydı?..
Mirzə Şəfiyə məxsus tədris üsulu sayəsində Bodenştedt Azərbaycan və fars poeziyasının gözəlliklərini incəliklərinə qədər mənimsəyir. Bundan çox məmnun olan sadədil Mirzə Şəfi isə - dədə-baba mentalitetimizə rəğmən - özünün “Hikmət açarı” kitabını - başqa sözlə desək, müəlliflik haqqını ona bağışlayır.
Mirzə Şəfinin həyat və yaradıcılığı uzun, maraqlı (lakin həm də sənədli) bir nağıla bənzədiyindən bu məqamda “nağılçı dili yüyrək olar” ifadəsini də işlədib, bir çox maraqlı fakt və olayların üstündən keçməli olur, obrazlı bir xitama qol qoyuram. Belə ki, Bodenştedt 1845-ci ildə - Adolf Hitlerin əli Bakının qara qızılından üzüldüyü tarixdən 100 il öncə ələ keçirdiyi qızıl poeziyamız ilə Almaniyaya qayıdır və “Şərqdə 1001 gün” adlı kitab yazır. Hələ “məsum”, sədaqətli Bodenştedt M.Ş.Vazehdən tərcümə etdiyi şeirləri də daxil etdiyi həmin kitabda yazırdı: “Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surətin canlanır. Sənin sözlərin həqiqət oldu. Sənin nəğmələrin bizim qız-gəlinlərin ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında şərəflə səsləndi”.
Bodenştedtin bu anadək müəllifi olduğu heç bir tərcümə və ya digər əsəri ona bu “müəllifliyi” qədər şan-şöhrət gətirməmişdi. Kitab naşirin təklifi ilə “Mirzə Şəfi nəğmələri” adı altında təkrar nəşr olunur, fransız, ingilis, holland, ispan, portuqal, rus, çex, macar və s. dillərdə çap edilir. “Nəğmələr” 1868-ci ildə 6 dəfə, 1876-da 12, elə təkcə Almaniyada isə ümumilikdə 169 dəfə (1922-ci ilədək) nəşr edilir.
Həmin təkrar nəşrləri, köşklərə gətirilcək satılan kitabları “sayan” sadə almanlar öz soydaşlarından birinin hesabına fələyin nə sayacağından xəbərsizmişlər. Belə ki, bütün bu uğurlar sonradan Bodenştedti Mirzə Şəfi irsini bütünlüklə mənimsəmək eşqinə salır. Lakin son nəşrdə o özü-özünü “ifşa” edir. Guya bu şərqli obrazı onun canına-qanına o qədər hopubmuş ki, bir vaxtlar öz şeirlərini belə Mirzə Şəfi adı ilə imzalayıbmış!..
Bütün yaradıcılıq ömrü qaranlıqlar, çətinliklər, gözlənilməzliklərlə müşahidə olunan bu şairlə bağlı anlaşılmazlıqlardan biri də budur ki, bir çox ölkələrdə “Mirzə Şəfinin nəğmələri” fars dilindən tərcümələr kimi qələmə verilir. Hətta məşhur Anton Rubinşteynin Mirzə Şəfinin sözlərinə bəstələdiyi 12 romansdan ibarət musiqi silsiləsi də “Fars nəğmələri” adlanırdı...
Hələ o qarmaqarışıq dövr, qara-qərəmət aləmlə bağlı olaylar bir yana, bu “avtoritet” internet əsri də - Mirzə Fətəlidən 18 il, Mirzə Ələkbər və Mirzə Cəlildən iki qərinəcə əvvəl doğulmuş bu ilk milli Mirzəmizin yaxasından əl götürmür. Məsələn, saytların birində oxuyuruq ki, camaat “dəmir yollar çəkəndə, nəhəng körpülər salanda, diplomatik çarpışmalar aparanda Mirzə Şəfi də oturub divan yazırmız...”
Bu “saqqızoğurlayan” fikirlə ilk baxışda (oxunuşda) razılaşırsan... Amma sonra bunu da fikirləşməyə bilmirsən ki, əcəba, həmin dövr “proqres”inin önündə gedənlərdən biri də - onu o qədər qiymətləndirmiş alman xalqı deyildimi və ya sənətkarlarımız siyasət-iqtisadiyyatçılarımız dəbərənədək oturub gözləməli, heç nə yazmamalıymışlarmı?..

Tahir Əhmədalılar