Qəbələdə dördüncü dəfə keçirilən beynəlxalq festivalda Uzaq Şərqdən
Afrikayadək mürəbbə ustaları bacarıqlarını nümayiş etdirdi

Avqustun 27-də Qəbələ şəhərində IV Beynəlxalq Mürəbbə Festivalı keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən festivalın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” hotelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə Türkiyə, İran, Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçirilən festivalı izləyənlər arasında dövlət rəsmiləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, çoxsaylı yerli və xarici turist olub.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov çıxış ediblər.

Bildirilib ki, artıq 4 ildir Qəbələ mürəbbə festivalına ev sahibliyi edir. 2013-cü ildə bu festivalda 11, 2014-cü ildə 20, ötən il və bu il isə 30 şəhər və rayondan, eləcə də ötən il 6 və bu il isə 9 xarici ölkədən şirniyyatçıların iştirak etməsi tədbirin beynəlxalq nüfuzunun ildən-ilə artmasından xəbər verir. Qeyd edilib ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır.
Mürəbbə festivalı Qəbələdə turizmin inkişafına da çox böyük təkan verən amillərdən biridir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl bu rayona səfəri zamanı dediyi kimi, Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Həqiqətən də, rayona hər gün yüzlərlə yerli və xarici turist gəlir. Qəbələ artıq festivallar mərkəzinə də çevrilib. Burada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər il beynəlxalq musiqi festivalının keçirilməsi Qəbələnin şöhrətini dünyaya yayır.
Vurğulanıb ki, mürəbbə festivalı təkcə Qəbələnin deyil, ölkəmizin bütün bölgələrinin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır. Azərbaycan dünyanın ənənəvi mürəbbə sənətinin mərkəzləri arasında xüsusi yer tutur. Ölkəmizin şirniyyatçıları tərəfindən hazırlanan mürəbbələr özünün ləziz dadı və geniş çeşidi ilə digərlərindən fərqlənir. Bunu Qəbələ Beynəlxalq Mürəbbə Festivalında da aydın görmək mümkündür.
Respublikamızın mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə keçirilən Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər.
Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya da yaradılıb. Müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül, gavalı və digər mürəbbələr təqdim edilib. Həmçinin bənövşə, nanə, itburnu, qarğıdalı, cır alça, xiyar, pomidor, yerkökü, sarı moruq, badımcan və yemiş mürəbbələri iştirakçıların marağına səbəb olub.
Komissiya tərəfindən 28 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil edilib.
Mürəbbələrin ən yaxşı təqdimatına görə xarici ölkələr arasında Ukrayna birinci, Şimali Kipr ikinci yeri, ən yaxşı mürəbbə müsabiqəsində İran birinci, Çin ikinci yeri, mürəbbələrin növ müxtəlifliyinə görə isə Özbəkistan birinci, Türkiyə ikinci yeri tutub.
Azərbaycanın bölgələri arasında Zərdab (gilas), İsmayıllı (böyürtkən), Gəncə (çiyələk), Şəki (heyva), Qazax (qoz), Zaqatala (ərik), Gədəbəy (gül), Qəbələ (gavalı) birinci yerə layiq görülüb.
Ən qeyri-adi mürəbbənin hazırlanmasına görə Balakən rayonu (cökə mürəbbəsi), ən çox mürəbbə təqdimatına görə Bakı komandası, ən yaxşı təqdimata görə Xaçmaz iştirakçıları qalib olub. Mürəbbə hazırlayan müəssisələr arasında isə “Gilan Holdinq” şirkəti birinci yerə çıxıb.
Münsiflər heyətinin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayan şəxslər də müəyyənləşdirilib. Qaliblərə kubok, medal və hədiyyələr təqdim olunub.
Yarışma bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb, sərgi təşkil olunub. Festivalda mürəbbə, şərab, meyvə şirələri, qida məhsulları istehsal edən müəssisələr də öz məhsullarını nümayiş etdiriblər. İnsanlar mürəbbələrin dadına həvəslə baxıb, onların hazırlanması üsulu ilə maraqlanıblar.
Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil olunub.
Tədbir maraqlı konsert proqramı ilə davam etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar