Bakıda Moldova Respublikasının Müstəqillik Günü münasibətilə tədbir keçirildi
Avqustun 31-də “Hyatt Regency Baku” hotelində Moldova Respublikasının müstəqillik əldə etməsinin 25-ci ildönümü münasibətilə rəsmi qəbul keçirildi.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdi.
Əvvəlcə Azərbaycanın və Moldovanın dövlət himnləri səsləndirildi.
Moldovanın Azərbaycandakı səfiri George Leuka çıxış edərək ölkəsinin müasir tarixi, Azərbaycan-Moldova əlaqələri barədə danışdı. Bildirdi ki, Azərbaycan və Moldova strateji tərəfdaşlardır, ölkələrimiz və xalqlarımız arasında uzunmüddətli dostluq və qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. İki ölkə arasında mədəni, siyasi, iqtisadi və enerji sahəsində də əlaqələr uğurla inkişaf edir.
Səfir qeyd etdi ki, Moldova indiyədək müxtəlif problemlərlə qarşı-qarşıya qalıb: “Dnestryanı münaqişəsi hələ də həll olunmamış qalır. Moldova bu dondurulmuş münaqişənin fəsadlarından əziyyət çəkir. Bu ərazi mərkəzi hakimiyyətin nəzarətindən kənardadır. Moldova vətəndaşları münaqişənin həll olunacağına ümidlərini itirməyiblər”.
Azərbaycanın da oxşar problemlə üzləşdiyini deyən diplomat vurğuladı ki, Moldova ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri daxil olmaqla beynəlxalq hüquq normaları əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll olunmasının tərəfdarıdır.
Səfir bildirdi ki, Moldova Azərbaycanı dost ölkə hesab edir. Beynəlxalq təşkilatlar səviyyəsində də münasibətlərin yüksək səviyyədə olduğunu deyən George Leuka Azərbaycanla Moldova arasında əməkdaşlığın gələcək inkişafı üçün böyük potensialın olduğunu vurğuladı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti adından Moldovanın Müstəqillik Günü münasibətilə təbriklərini və xoş arzularını çatdırdı.
Ölkələrimiz arasında möhkəm əlaqələrin qurulduğunu qeyd edən nazir bildirdi ki, hər iki ölkə müstəqillik əldə etdikdən sonra müxtəlif sahələri əhatə edən 50-dən artıq əməkdaşlıq sənədi imzalanıb: “Moldova və Azərbaycan ortaq tarixi bölüşür. Bu il hər iki ölkənin müstəqillik əldə etməsinin 25 ili tamam olur. Bu dövr ərzində ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün böyük addımlar atılıb. Azərbaycanda iki dəfə Moldovanın, Moldovada da iki dəfə Azərbaycanın mədəniyyət günləri keçirilib. Bu da bizim vətəndaşlarımız arasında mədəni münasibətlərin daha da inkişaf etməsinə müsbət təsirini göstərib”.
Əbülfəs Qarayev iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirərək dost Moldova xalqına sülh, əmin-amanlıq, rifah arzuladı.
Sonra tədbirdə Moldovanın milli mətbəx nümunələri təqdim olundu, bu ölkənin milli musiqiləri səsləndi.
Fariz Hüseynov