Avqustun 31-də Təzəpir məscidində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor Oqtay Zülfüqarovla vida mərasimi keçirildi.

Mərasimdə dövlət rəsmiləri, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri, sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları iştirak edirdi.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə musiqi ictimaiyyətinə böyük itki verdiyini qeyd edərək hüzn dolu ürək sözlərini jurnalistlərlə bölüşdü. Qeyd etdi ki, Oqtay Zülfüqarov dahi bəstəkar Qara Qarayevin tələbəsi olub, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, xüsusilə, uşaq musiqisi tarixində inqilab etmiş bəstəkardır. Daim uşaqları öz ətrafına yığar və onlara sənətin sirlərini öyrədərdi. Uşaqlar üçün “Qız-ulduz”, “Pişik və sərçə” və “Meşə nağılı” operalarını, “Şəngülüm, Şüngülüm və Məngülüm” musiqili komediyasını yazıb. Violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkar eyni zamanda böyük simfonik orkestr üçün yaratdığı “Şənlən, mənim xalqım” uvertürası kimi məşhur əsərlərin müəllifidir. Oqtay Zülfüqarov Azərbaycanın böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində Oqtay Zülfüqarovun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında əvəzsiz xidmətlərindən danışdı. Bildirdi ki, onun müxtəlif janrlarda bəstələdiyi əsərlər hər zaman dinləyicilərin qəlbinə yol tapıb və sevilib. Uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi fəaliyyət göstərən sənətkarın qəlbi hər zaman yazıb-yaratmaq eşqilə döyünüb. “Tumurcuq” və “Aysel” uşaq mahnı teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Onun yaratdığı əsərlər heç zaman unudulmayacaq.
Vida mərasimindən sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salındı. Mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar