Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə paytaxtın Nizami küçəsində qurulan təsviri sənət məkanında bölgələrin incəsənət nümunələri nümayiş etdirilir, özfəaliyyət kollektivləri çıxış edir. İyul ayından fəaliyyət göstərən məkan rəssamların, sənətsevərlərin görüş yerinə çevrilməklə bərabər, şəhər sakinlərinin və qonaqların diqqətini çəkməkdədir.
Keçirilən tədbirlərin əsas məqsədi regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor qruplarını tanıtmaq, bölgələrimizin mədəni irsini, etnik və multikultural zənginliyini təbliğ etməkdir.
Sentyabrın 3-də təsviri sənət məkanında Zaqatala, Balakən və Qax rayonlarının folklor kollektivlərinin konserti və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olundu. Musiqili-əyləncəli tədbirdə Zaqatala rayonundan “Alazan” və “İngiloy” rəqs qrupları, Qax rayonundan Ağyazı kənd Mədəniyyət evinin “Zurnaçılar” ansamblı, “Tunqayməlik” folklor ansamblı, Balakən rayonundan isə “Buta” qızlar ansamblı və “Qubek” folklor ansamblı çıxış etdi.
Tədbir çərçivəsində qeyd olunan rayonlardan gəlmiş sənət adamlarının əl işlərindən ibarət sərgi-yarmarka da təşkil edildi. Sərgidə Zaqatala rayonunun el sənətkarlığı 50, Qax 200, Balakən isə 100-dək nümunə ilə təmsil olunurdu. Konsert və sərgi-yarmarka paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılandı.
Bölgələrin sənət sovqatının nümayiş olunduğu sərgi-yarmarka sentyabrın 7-dək davam edəcək.
Qeyd edək ki, 20-23 avqust tarixində Şamaxı rayonunun “Şirvan” folklor ansamblının, İsmayıllı rayonundan “Lahıc” folklor ansamblının, Qəbələ rayonundan “Zopu-Zopu” etnoqrafik folklor rəqs ansamblı kollektivlərinin konserti və sərgilər keçirilmişdi. Avqustun 25-də isə burada Şəki və Oğuz rayonlarının folklor kollektivlərinin konserti və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunmuşdu.
F.Hüseynov