“Burada istirahət etməklə bərabər, həm də Azərbaycan haqqında məlumatlar əldə etmiş oluruq”

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, o cümlədən mötəbər yarışların maraqlı mədəni layihələrlə müşayiət olunması artıq ənənə halını alıb. Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Bakıda start götürən 42-ci Dünya Şahmat Olimpiadasının iştirakçılarına və bu günlər gəlmiş qonaqlara Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği məqsədilə tədbirlər keçirilir.

Belə mədəni tədbirlərdən biri də yarışmanın keçirildiyi “Kristal Zal”ın yaxınlığında qurulan “Azerbaijan Hospitality zone” - “Azərbaycan qonaqpərvərlik zonası” pavilyonudur.
Pavilyon Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə qurulub. Burada ölkəmizin ayrı-ayrı bölgələrinə xas olan milli mədəniyyət nümunələri nümayiş olunur, “Azərbaycan xalça sənəti” sərgisi keçirilir.
Bu barədə məlumat verən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev bildirdi ki, sərgidə ölkəmizin müxtəlif bölgələrindən xalçalar yer alıb: “Xalçaçılıq Azərbaycan xalqının mədəniyyətinin ayrılmaz hissəsidir. Tarixin müxtəlif dövrlərində xalçalarımız dünyada məşhur olub. Qədim sənət növümüz bu gün də öz şöhrətini qoruyub saxlayır. Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan xalçaçılıq sənətinin təbliği məqsədilə bu sərgi-aksiya təşkil olunub. Sərgi üçün bölgələrimizdən 200-dək xalça seçilib. Onlardan 60-a yaxını burada nümayiş olunur”.
Rafiq Quliyevin sözlərinə görə, gün ərzində 300-dək xarici qonaq pavilyonu ziyarət edir: “Bura gün ərzində şahmatçılar, turistlər və digər qonaqlar gəlir. Qonaqlar xalçalarımız, onların hazırlanma üsulları ilə maraqlanırlar, bölgələrimiz haqqında soruşurlar. Biz də onların suallarını cavablandırır və ölkəmiz, xalçalarımız haqqında bukletlər təqdim edirik”.
Qeyd edək ki, sərgidə Azərbaycanın Qarabağ, Şirvan, Gəncə, Qazax, Quba, Bakı, Naxçıvan xalça məktəblərinə aid stendlər qurulub. Hər stenddə nümayiş olunan bölgələr haqqında xüsusi monitorlar vasitəsilə videoçarxlar nümayiş olunur. Bununla da qonaqlar ölkəmizin müxtəlif bölgələrinin təbiətinə, eləcə də mədəniyyətinə qiyabi səyahət etmiş olurlar. Pavilyonda tədbir iştirakçılarına və şahmatçılara xalçaçılıq nümunələrinin nümayişi ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrində hazırlanmış tətbiqi və təsviri sənət nümunələri, həmçinin Azərbaycan mətbəxinin ayrılmaz hissəsi olan çay süfrəsi və mürəbbələr təqdim olunur. Stendlərin önündə milli geyimlərdə fotoşəkil çəkdirmək imkanı da yaradılıb.
Pavilyonda olduğumuz müddətdə burada bir neçə xarici qonağa rast gəldik. Onlardan Azərbaycan mədəniyyətinin bir hissəsinin nümayiş olunduğu sərgi-aksiya haqqında fikirlərini öyrəndik.
Rusiyalı turist Oleq Mixaylov Azərbaycan xalçalarının şöhrəti haqqında məlumatlı olduğunu deyir: “Mən sizin ölkənin mədəniyyəti ilə tanışam. Xalçalarınız haqqında da çox eşitmişəm. Burada nümayiş olunan xalçalara baxanda aydın görünür ki, bu xalçaların üzərində xalqınız öz mənəvi dünyagörüşünü canlandırmağa çalışıb”.
Litvalı qonaq Arunas Olekas da Azərbaycan xalçalarının onda dərin təəssürat oyatdığını bildirir: “Burada çox maraqlı xalçalar var. Onların necə hazırlandığını görmək istərdim. Təqdim olunan çay süfrəsi də çox fərqlidir. Burada istirahət etməklə bərabər, həm də Azərbaycan haqqında məlumatlar əldə etmiş oluruq”.
Əminliklə demək olar ki, bu günlər dünyanın zəka sahiblərinin yarışmasını izləmək Bakıya gələn qonaqların və yarış iştirakçılarının yaddaşında 42-ci Şahmat Olimpiadası, həm də Azərbaycan mədəni irsinin xatirəsi ilə qalacaq. Xatırladaq ki, “Azerbaijan Hospitality zone” pavilyonu olimpiada boyunca, sentyabrın 14-dək fəaliyyət göstərəcək.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar