Festival çərçivəsində Bakıda “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumu təşkil olunacaq

Heydər Əliyev Fondunun təşkil etdiyi ənənəvi “Qız qalası” beynəlxalq incəsənət festivalı bu il 18-21 sentyabr tarixində Fransanın paytaxtı Parisdə “Azərbaycan şəhərciyi” çərçivəsində keçiriləcək. VII “Qız qalası” festivalında Fransa və Azərbaycan rəssamları iştirak edəcəklər.
Festival çərçivəsində həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrın 24-dən oktyabrın 2-dək Bakıda “Daşın nəğməsi” (“Music in Stone”) ilk beynəlxalq heykəltəraşlıq simpoziumu keçiriləcək.
Latın Amerikası, Avropa və Asiyadan olan 10 tanınmış heykəltəraşın dəvət olunduğu simpoziumun əsas məqsədi yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlərin yaradılmasıdır. Tədbirdə Azərbaycanın 4 heykəltəraşı iştirak edəcək. Bakının Qala qəsəbəsində açıq səma altında çalışacaq heykəltəraşlar üçün konkret mövzu məhdudiyyəti yoxdur, onlara tam özünüifadə azadlığı verilir. Yeganə şərt əsərlərin gələcəkdə açıq səma altında nümayişinin nəzərdə tutulmasıdır. Simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək.
Heykəltəraşlıq təsviri incəsənətin ən qədim sahələrindən biridir və Azərbaycanda bu sənətin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ qədim zamanlardan Azərbaycanda fərqli xassələrə və rənglərə malik müxtəlif təbii daşlar əldə edirdilər. Abşeron əhəngdaşının, Qarabağ çaydaşı və qara mərmərin, sarımtıl-ağ rəngli Şəmkir qumdaşının plastik xüsusiyyətləri yerli memarlığın və onun dekorativ bəzəklərinin özünəməxsusluğunu təyin edir.
Beynəlxalq heykəltəraşlıq simpoziumunun hər il keçirilməsi, müxtəlif ölkələrdən olan sənətkarların yaratdıqları əsərlərlə gələcəkdə açıq səma altında muzey - heykəltəraşlıq parkının qurulması planlaşdırılır.
“Qız qalası” incəsənət festivalı çərçivəsində bu il Bakıda 17-18 sentyabrda uşaqlar üçün eyniadlı festival da keçiriləcək. Sənət yarışmasında 30-dək iştirakçı öz əl işlərini təqdim edəcək.
Qeyd edək ki, “Qız qalası” Beynəlxalq incəsənət festivalı Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar