Xəbər verdiyimiz kimi, bu ilin aprelindən AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Şah İsmayıl - sərkərdə və hökmdar” adlı sərgi fəaliyyət göstərir. Sərgidə 130-dək eksponat nümayiş olunur. Ötən müddət ərzində ekspozisiyanı 10 mindən çox ziyarətçi seyr edib. Sərginin seyrçiləri arasında paytaxtın orta məktəblərinin şagirdləri və şəhərimizin qonaqları əsas yer tutur.
Sərgi ilə yaxından tanış olmaq üçün Milli Azərbaycan Tarixi Muzeyinə baş çəkdik. Bələdçi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı Aslan Qasımov ekspozisiya haqqında məlumat verdi.
Bildirdi ki, sərginin məqsədi Səfəvilər dövlətinin yaradıcısı Şah İsmayıl Xətainin (1487-1524) tarixi irsini daha geniş təbliğ etməkdir: “Çünki böyük şair-hökmdarın dövlətçilik fəaliyyəti çox az təbliğ olunub. Onun həyatı əsasən ədəbi irsi vasitəsilə öyrənilib. Şah İsmayılı ilk növbədə bir şair kimi tanımışıq. Düşünürük ki, sərgimiz bu yöndə çox mühüm iş görür”.
Həmsöhbətim qeyd etdi ki, Milli Azərbaycan Tarixi Muzeyinin paytaxt məktəbləri ilə sıx əməkdaşlığı var. Məktəblilər vaxtaşırı muzeydə olur, təşkil olunmuş sərgiləri seyr edirlər: “Sərgimiz şagirdlərdə böyük maraq yaratdı. Bunu onların bizə ünvanladığı saysız suallardan da görmək olardı”.
Sərginin ekspozisiyası tarixi eksponatlarla zəngindir. Diqqətçəkən eksponatlar arasında Səfəvilər imperiyasının xəritəsi, qızılbaş əsgərlərinin istifadə etdiyi silahlardan dəbilqə, qılınc, nizə, qalxan, zirehli geyimlər var. Məlumat verildi ki, sərginin ilk günlərində bir kolleksiyaçının Rusiyada silah zavodunda hazırlatdırdığı Şah İsmayılın qılıncının maketi də nümayiş olunub və maraqla qarşılanıb.
Xətainin Çaldıran döyüşündə (1514) Osmanlı sərkərdəsi Malçakoğlu ilə vuruşma səhnəsi, tunc və qranitdən hazırlanmış atlı - “Qızılbaş döyüşçüsü”, Şah İsmayılın Mərvdə (1510) özbək Şeybani xanla döyüşünü təsvir edən və Şeyx Səfiəddin türbəsinin (Ərdəbil) miniatür maketləri də maraq doğuran eksponatlardandır.
Məlumdur ki, hökmdar-şairin hakimiyyəti illərində əldə edilən iqtisadi-siyasi sabitlik ədəbi-mədəni inkişaf üçün münbit zəmin yaratmışdı. Azərbaycan ədəbi dili işləkliyini artırmış, rəsmi yazışmalarda tətbiq olunmağa başlanmışdı. Bu dövrdə aşıq yaradıcılığı da özünün inkişaf dövrünü yaşayırdı. Zərb edilən qızıl, gümüş sikkələr - qızıl tümən, gümüş şahı, 50 dinar, 25 dinar, qızıl əşrəfi və s. isə dövlətin qüdrətinin göstəricilərindən idi. Sərgidə təqdim olunan xalq sənətkarlığı nümunələrinin, müxtəlif məişət əşyalarının, miniatür rəsm əsərlərinin maketləri Xətai zamanının mədəni-iqtisadi zənginliyindən soraq verir.
Ekspozisiyada nümayiş etdirilən Şah İsmayılın portreti ziyarətçilərin maraq dairəsindədir. Bələdçi onu da bildirdi ki, bu şəklin altında hökmdarın 1514-cü ildən sonrakı diplomatik fəaliyyəti haqqında məlumat toplanıb. Bir çox mənbələrdə qeyd olunur ki, guya Şah İsmayıl Çaldıran döyüşündə məğlub edildikdən sonra mənən sarsılıb, heç bir dövlət və krallıqla diplomatik əlaqə saxlamayıb. Lakin burada onun xüsusilə Venesiya, Macarıstan, Neapol, Rodos krallığı və s. dövlətlərlə diplomatik əlaqələrinə dair bilgilər yer alıb. Sərgidə Şah İsmayılın bir çox şəhərlərdə, o cümlədən Ərdəbil və Bakıda ucaldılan heykəllərinin maketləri də yer alıb.
Görkəmli dövlət xadimi haqqında müxtəlif vaxtlarda aparılan araşdırmalardan bəziləri də burada təqdim edilir. Türkiyədən Feridun Fazil Tulbendçinin, Zeynil Coşarın, Azərbaycandan akademik Ramiz Mehdiyevin, Əli Rəcəbli və başqalarının məqalə və monoqrafiyaları ziyarətçilərin maraq göstərdiyi nəşrlərdir.
O da bildirildi ki, sərgidə nümayiş etdirilən XVI-XVII əsrlərə aid bəzi eksponatlar muzeyin bərpa laboratoriyasında konservasiya olunub.
Milli Azərbaycan Tarixi Muzeyində “Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisi dekabrın 15-dək davam edəcək.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar