Üzeyir Hacıbəyliyə həsr olunan kitabın türkcə nəşrinin təqdimatı keçirildi

Sentyabrın 16-da Üzeyir Hacıbəylinin ev-muzeyində musiqişünas, AMEA-nın müxbir üzvü, professor Zemfira Səfərovanın Türkiyədə nəşr olunmuş “Türk dünyasının musiqi ulduzu Üzeyir Hacıbəyli” kitabının təqdimatı keçirildi.

Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq bildirdi ki, maraqlı yaradıcılıq yolu keçən görkəmli alim Zemfira Səfərovanın dahi bəstəkara həsr etdiyi kitab Ankarada türk dilində çap olunub. Üzeyir bəyin yaradıcılığının nəzəri və estetik problemlərinə həsr edilən nəşr bəstəkarın türk dünyasında daha geniş tanınmasına vəsilə olacaq.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək “Üzeyir musiqi günü” haqqında məlumat verdi. Bildirdi ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1995-ci ildən qeyd olunur. Bu gün Azərbaycan musiqisi çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr Azərbaycan mədəniyyətinin, musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir.
Yeni nəşrin əhəmiyyətindən söz açan nazir müavini qeyd etdi ki, Zemfira Səfərova kitabda Üzeyir bəy irsinə dair yeni tapıntıları, hər kəsə məlum olmayan incəlikləri qələmə alıb. Kitabda bəstəkarın “Leyli və Məcnun”, “Koroğlu” operaları, “Arşın mal alan” və digər operettaları, “Sənsiz” və “Sevgili canan” romanslarına dair materiallara geniş yer ayrılıb, “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsəri Səfiəddin Urməvinin “Kitabi-ədvari” əsəri ilə müqayisəli şəkildə təhlil olunub.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə qeyd etdi ki, təqdim olunan kitab müəllifin çox böyük zəhməti hesabına ərsəyə gəlib. Zemfira Səfərova elmi əsərlərinin çoxunu Üzeyir bəyə həsr edib: “Biz hamımız Ü.Hacıbəylini sevir, xatirəsini əziz tuturuq. Ancaq Z.Səfərova kimi Üzeyir bəy sevgimizi kitablarda göstərməmişik. Kitabın türk dilində işıq üzü görməsi onun əhəmiyyətini daha da artırır”.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Abdulla Şaiqin ev-muzeyinin direktoru, sənətşünas Ülkər Talıbzadə, “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov və başqaları çıxış edərək kitab haqqında fikirlərini bölüşdülər. Müəllif Zemfira Səfərova tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Çıxışlardan sonra dahi bəstəkarın “Cəngi”, “Sevgili canan” əsərləri, “Arşın mal alan” operettasından fraqmentlər səsləndirildi.
Qeyd edək ki, kitab Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) təşəbbüsü ilə nəşr edilib. Əsəri türk dilinə Məhəmməd Riza Goçi uyğunlaşdırıb.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar