F.Köçərli adına Respublika Uşaq Kitabxanasında ənənəvi bayramlarla yanaşı, mədəniyyətlə, kitabla bağlı beynəlxalq əlamətdar günlərin tanıdılması və təbliği məqsədilə də tədbirlər keçirilir. Bu tədbirlər uşaqların dünyagörüşünün genişlənməsinə xidmət edir, onların elmə, biliyə marağını artırır. 15 sentyabr - Beynəlxalq nöqtə günü də belə günlərdəndir.
Bu günün tarixi ingilis rəssamı Piter Q.Reynoldsun 2003-cü ildə yazdığı “Nöqtə” kitabı ilə bağlıdır. Kitabda şəkil çəkməyi bacarmayan balaca qız Vaşti haqqında söhbət açılır. Daha doğrusu, ona elə gəlir ki, şəkil çəkə bilmir. Rəsm dərsində kağıza sadəcə nöqtə qoyur. Lakin qızın müəlliməsi ondan çəkdiyi nöqtənin altına imzasını qoymasını xahiş edir və həmin kağızı gözəl çərçivəyə salaraq divardan asır. Nəticədə qız “Mən daha yaxşı çəkə bilərəm” - deyə düşünür və məlum olur ki, bu doğrudan da belədir.
“Nöqtə” kitabı çoxlu mükafatlar alıb, bir çox dillərə tərcümə olunub. 2009-cu ildə müəllim Terri Şey ilk dəfə “Nöqtə günü”nü qeyd edib. O vaxtdan başlayaraq Beynəlxalq nöqtə günü hər il qeyd olunur.
Durğu işarəsi kimi cümlənin sonuna nöqtə qoymaq fikrə son vermək deməkdir. Amma nöqtənin məna çalarları başqadır. Unutmayaq ki, nöqtə bir çox işlərin, hadisələrin, kəşflərin başlanğıcı ola bilər. Balaca Vaştinin həyatındakı kimi...
Beynəlxalq nöqtə günü münasibətilə Respublika Uşaq Kitabxanasında keçirilən tədbirdə bu günün yaranması və tədbirin mahiyyəti barədə söz açıldı.
Tədbirə əl işləri ilə qonaq gələn uşaqlar öz “nöqtələri” barədə danışdılar.
Sonra əl işlərinə baxış keçirildi və “nöqtələr”in müəllifləri mükafatlandırıldı.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar