Sentyabrın 27-də Milli Kitabxanada Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı ilə Azərbaycan şair və yazıçılarının, ziyalıların görüşü keçirildi.

Görüşdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibləri Rəşad Məcid, İlqar Fəhmi, şair və yazıçılar, respublikanın aparıcı kitabxanalarının direktorları iştirak edirdi.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonağı salamladı, Nabi Avcının yaradıcılığı haqqında məlumat verdi.
Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı çıxış edərək Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Qeyd etdi ki, bu gün “bir millət iki dövlət” kimi tanınan Azərbaycan və Türkiyənin insanları vaxtilə bir-birindən ayrı düşüblər. Bu ayrılıq ortaq mədəni əlaqələrə də təsirsiz ötüşməyib: “Amma biz bu gün mədəni və ədəbi əlaqələrin inkişafına xüsusi diqqət ayırmalı, böyük önəm verməliyik. Türk dünyasının seçkin yazarlarını məktəblərdə tanıtmalı, ortaq mədəniyyətimizi gələcək nəsillərə ərməğan etməliyik. Biz yalnız bütün mədəni sahələrdə əlaqələri tam yaxınlaşdırdıqca bir millət olduğumuzu sübuta yetirə bilərik”.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov bildirdi ki, görüş ziyalılar üçün dəyərli bir töhfədir. Türk dünyası ədəbiyyatının vahid şəkildə tanıdılması cəmiyyət üçün çox vacibdir. Bu səbəbdən də orta məktəblərdə türk dünyasının ortaq ədəbiyyat nümunələrini, ortaq tarixini özündə əks etdirən dərsliklərin yaradılması diqqətdə olmalıdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Pərvin Nurəliyeva çıxışında Nabi Avcının türk ədəbiyyatında öz dəst-xətti olan bir yazar kimi tanındığını qeyd etdi. O, Türkiyə və Azərbaycan yazarları arasında əlaqələr, iki ölkə arasında həyata keçirilən layihələr haqqında geniş məruzə ilə çıxış etdi. Əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Qeyd edildi ki, iki ölkənin gənc yazarlarının ortaq təşkilatının yaradılması bu gün vacib məsələlərdən biri kimi dəyərləndirilməlidir.
Millət vəkilləri Aqil Abbas, Qənirə Paşayeva çıxış edərək türkdilli ölkələrin ədəbi nümunələrinin dərc edilməsi, tanıdılmasının vacibliyini vurğuladılar. Bu baxımdan Bakıda “Türk kitab evi”nin yaradılmasının önəmi diqqətə çatdırıldı.
Sonda türkiyəli nazir görüşdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi, səslənən təkliflərin yaxın günlərdə reallaşacağına ümidvar olduğunu dilə gətirdi. O, irəli sürülən hər bir təklifi özü üçün qeyd etdiyini və onların reallaşması üçün əlindən gələn köməyi göstərəcəyini bildirdi. Nazir iki qardaş ölkə arasında mədəniyyət və turizm sahəsində yeni əlaqələrin, layihələrin bundan sonra daha da sürətlə davam etdiriləcəyini vurğuladı.
Sonda Kərim Tahirov qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Qarabağ xanəndələri” və “Azərbaycan xalçaları. İrəvan qrupu” kitablarını hədiyyə etdi. Türkiyəli nazir də öz növbəsində Azərbaycan Milli Kitabxanasına nəfis şəkildə çap olunmuş “Fatih divanı və şərhi” kitabını hədiyyə etdi.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar