Bakıda Rəşid Behbudovun abidəsinin açılışı keçirilib
Oktyabrın 4-də Bakıda, Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsinin açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı İlham Əliyevə məlumat verilib ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və məşhur müğənninin ailə üzvləri ilə birlikdə heykəlin üzərindəki örtüyü götürüb.
Dövlətimizin başçısı abidənin önünə gül qoyub və çıxış edib.
* * *
Dünya şöhrətli müğənni, görkəmli musiqi xadimi Rəşid Behbudovun abidəsinin açılışının ölkəmizin həyatında əlamətdar hadisə olduğunu deyən Prezident vurğulayıb ki, Rəşid Behbudov öz həyatını musiqiyə həsr edib. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir: “Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. Azərbaycanı həm Sovet İttifaqı çərçivəsində, eyni zamanda, dünyada təbliğ edirdi. Onun ifa etdiyi mahnılar sovet məkanında çox populyar idi. O, Sovet İttifaqında ən populyar ifaçılardan biri idi. Eyni zamanda, bir çox xarici ölkələrdə qastrollarda olmuşdur. Qastrollarda həm Azərbaycan mahnılarını, eyni zamanda, xarici dillərdə mahnılar ifa edirdi və Azərbaycanı təbliğ edirdi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, biz Sovet İttifaqının tərkib hissəsi idik. Ancaq Rəşid Behbudov kimi istedadlı insanlar Azərbaycanı dünyada təmsil edirdilər və göstərirdilər ki, bizim xalqımız nə qədər istedadlı xalqdır”.
Dövlət başçısı Rəşid Behbudovun eyni zamanda istedadlı aktyor olduğunu diqqətə çatdırıb: “Onun ifa etdiyi rollar bizim qızıl fondumuzdadır. Onun ifa etdiyi rollara, o filmlərə dəfələrlə baxmaq olar. O filmlər, ilk növbədə, səslənən musiqiyə və onun oynadığı rollara görə əbədi yaşayacaqdır”.
Prezident daha sonra deyib: “Rəşid Behbudov çox xeyirxah, səmimi insan idi. Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O, bizim evimizdə dəfələrlə olmuşdur. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi. Bir daha demək istəyirəm ki, Heydər Əliyevi Rəşid müəllimlə çox möhkəm dostluq əlaqələri bağlayırdı.
Rəşid Behbudov Sovet İttifaqında çox böyük qiymətə layiq görülmüşdür. O, Sovet İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bu, həm onun fəaliyyətinə, eyni zamanda, bütün Azərbaycan mədəniyyətinə verilən qiymət idi. Eyni zamanda, Rəşid müəllimin çox geniş ictimai fəaliyyəti var idi. O, həm Azərbaycan Ali Sovetinin, həm də Sovet İttifaqı Ali Sovetinin deputatı kimi çox böyük işlər görürdü. Çünki o, həm Azərbaycanda, həm sovet məkanında həddindən artıq populyar bir insan idi. Sovet İttifaqında onu tanımayan insan tapılmazdı. Onun oxuduğu mahnılar Sovet İttifaqının bütün guşələrində səslənirdi, digər dillərdə də ifa olunurdu. Qeyd etdiyim kimi, Rəşid müəllim müxtəlif dillərdə gözəl mahnılar ifa edirdi, ancaq ən gözəl mahnılar bizim xalq mahnılarımız və Azərbaycan bəstəkarlarının mahnıları idi. Bu mahnıları ondan əvvəl və ondan sonra onun kimi heç kim ifa edə bilməyib və yəqin ki, bilməyəcək. Çünki Rəşid müəllimin təkrarolunmaz səsi var idi. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib.
Əfsuslar olsun ki, Rəşid müəllim müstəqil Azərbaycanda yaşamayıb. O, 1989-cu ildə həyatdan getdi, müstəqil Azərbaycanı görmədi. Azərbaycanda Rəşid müəllimin adı əbədiləşdirilib. Onun adını daşıyan Dövlət Mahnı Teatrı fəaliyyət göstərir. Musiqi məktəbi onun adını daşıyır. Bax, bu küçə Rəşid Behbudovun adını daşıyır. Xəzər Dəniz Gəmiçiliyinin ən müasir gəmilərindən birinə onun adı verilmişdir. Keçən il Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı tərtib edilmişdir, mənim tərəfimdən müvafiq sərəncam imzalanmışdır və bu gün Rəşid Behbudovun abidəsi açılır. Bu gözəl hadisə münasibətilə Rəşid müəllimin ailə üzvlərini, yaxınlarını, bütün Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm”.
* * *
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Xalq artisti Mübariz Tağıyev, Xalq artisti, Dövlət mükafatı laureatı Xuraman Qasımova, Azərbaycan və SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fidan Qasımova çıxış edərək görkəmli sənətkarın yaradılıcılığından söz açıb, xatirələrini bölüşüblər. Qeyd olunub ki, Rəşid Behbudovun ecazkar səsi bizi həmişə müşayiət edir. Biz onu eşidib Azərbaycanı, vətənimizi sevirik.
Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev dünya şöhrətli müğənninin xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ailə üzvləri adından təşəkkür edib.
* * *
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və tədbirin iştirakçıları abidənin önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rəşid Behbudovun ailə üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib, xatirə şəkilləri çəkdirilib.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və mərasim iştirakçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə Əməkdar artist Xəyyam Mustafazadə və müğənni Fəxri Kazım Nicatın ifasında dünya şöhrətli müğənnilər Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarlarından mahnılar dinləyiblər.