Oktyabrın 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Art Nouveau (yeni incəsənət) memarlığı: Riqa və Latviya” adlı sərginin açılışı oldu. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə keçirilir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycanda səfərdə olan Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietseni salamlayaraq ölkələrimiz arasında qarşılıqlı münasibətlərdən söz açdı. Bildirdi ki, iki ölkə arasında siyasi tərəfdaşlıqla bərabər mədəni əlaqələr də daim inkişafdadır. Bu gün Azərbaycan-Latviya tərəfdaşlığı bütün sahələri əhatə edir.
Riqa və Bakının memarlıq cəhətdən oxşar şəhərlər olduğunu vurğulayan Vaqif Əliyev qeyd etdi ki, Latviyanın tarixi abidələrinin üslubunun yaşadılması təcrübəsi memarlarımız üçün bir nümunədir.
Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietse Bakıda olmağından məmnunluğunu ifadə etdi. O, Azərbaycan ilə Latviya arasında əlaqələrin möhkəm əsaslar, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, keçirilən yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğuladı. Riqanın memarlıq nümunələri ilə məşhur olduğunu söyləyən İ.Murnietse sərginin Bakıda, Azərbaycan Milli Kitabxanasında açılmasını xüsusi dəyərləndirdi.
Latviyalı qonaq diqqətə çatdırdı ki, Azərbaycana səfəri siyasi xarakter daşısa da, mədəniyyət və incəsənətsiz dostluq və birgə əməkdaşlıq mümkün deyil. İnsanlar yalnız bir-birinin tarixinə və mədəni irsinə bələd olmaqla əlaqələr qura bilərlər: “Məhz bu səbəbdən də biz Bakı sakinlərini XX əsrə aid Riqa memarlıq abidələri ilə tanış etmək istədik. Bu sərgi vasitəsilə azərbaycanlılar Latviya və Riqa haqqında daha çox məlumat öyrənə biləcəklər”.
Sonra İ.Murnietse ölkəsi ilə bağlı nəşrləri Milli Kitabxanaya hədiyyə etdi.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov sərgi haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan Milli Kitabxanası ilə Latviya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair imzalanan memoranduma əsasən iki ildən bir Milli Kitabxanada Latviya Milli Kitabxanasının sərgisi açılır. Vurğulandı ki, “Art Nouveau memarlığı: Riqa və Latviya” sərgisi ilə yanaşı, “Latviya bu gün” adlı kitab sərgisində nümayiş olunan kitablar Latviya Milli Kitabxanası tərəfindən hədiyyə edilən nəşrlərdir. Kitab sərgisində Azərbaycan Milli Kitabxanasının fondundan Latviyanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı müxtəlif dillərdə ədəbiyyatlar yer alıb.
K.Tahirov qonağa nəfis tərtibatla çap olunmuş “Azərbaycan xalçaları. İrəvan qrupu”, “Qarabağ xanəndələri”, “Qobustan minilliklər boyu” və digər kitabları hədiyyə etdi.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar