Oktyabrın 3-də Xalq yazıçısı, milli dramaturgiyamızın inkişafında misilsiz xidmətləri olmuş İlyas Əfəndiyevin vəfatının 20-ci ildönümü idi. Bu münasibətlə ədibin Fəxri xiyabandakı məzarı ziyarət edildi.

Respublikanın tanınmış ziyalıları, alimlər, teatr ictimaiyyəti və mərhum yazıçının ailə üzvlərinin toplaşdığı anım mərasimini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açdı. Nazir dedi ki, iyirmi ildir Azərbaycan ədəbiyyatı öz inkişaf yolunu İlyas Əfəndiyevsiz davam etdirir. Lakin bunu qətiyyətlə deyə bilərik ki, Azərbaycan ədəbiyyatı və teatrı öz yoluna məhz İlyas Əfəndiyevin yaratdığı məktəblə davam edir. Onun əsərləri bu gün də aktuallığını itirmir, pyesləri səhnədə oynanılır, əsərləri təkrar nəşr edilir, başqa dillərə çevrilir. Yeni nəsil onun kitablarını oxuyarkən Azərbaycan ədəbiyyatının ən gözəl nümunələri ilə tanış olur. Hər il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü məhz İlyas Əfəndiyevin əsəri ilə açır.
Xalq şairi Nəriman Həsənzadə İlyas Əfəndiyevi dramaturgiyadakı müəllimi adlandıraraq mərhumun xatirəsinə ithaf etdiyi şeirini oxudu.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında «Kənddən məktublar» kitabı ilə ədəbiyyata gəlmiş yazıçının ictimai fəaliyyətindən, hər hansı bir işdə çalışmaqdan daha çox yaradıcılığa yer ayırmasından, bununla da Azərbaycanda ədəbi prosesə böyük töhfə verməsindən danışdı.
Akademik Milli Dram Teatrının direktoru və baş rejissoru, Xalq artisti Azərpaşa Nemət İlyas Əfəndiyevlə birgə çalışmadığına görə təəssüflənsə də, onun müasiri olduğundan qürur duyduğunu söylədi, səhnəyə qoyduğu əsərlərin arasında Əfəndiyev dramaturgiyasından nümunələrin olduğunu dedi.
Rejissor, Xalq artisti Cənnət Səlimova Azərbaycan teatr səhnəsini İlyas Əfəndiyevin dramaturgiyasından kənar təsəvvür etmədiyini bildirdi.
Xalq artisti Amaliya Pənahova isə ötən əsrin altmışıncı illərində «Sən həmişə mənimləsən» pyesi ilə böyük səhnəyə gəldiyini və bu tamaşanın görünməmiş uğurunu xatırlatdı. Dramaturq ilə rejissor Tofiq Kazımovun yaradıcılıq tandemi sayəsində lirik-psixoloji dram janrının Azərbaycan səhnəsinə gəldiyi diqqətə çatdırıldı.
Sonra Xalq yazıçısı Elçin çıxış edərək İlyas Əfəndiyevsiz keçən iyirmi ildə dövlət başçısının onun yubileylərinin qeyd olunması barədə iki sərəncam imzaladığını, əsərlərinin təkrar nəşr edildiyini, yaradıcılığı barədə tədqiqatların yazıldığını vurğuladı, böyük dramaturqu ziyarətə gələn hər kəsə ailə üzvləri adından təşəkkür etdi.
Sonda xalq artistləri Bəsti Cəfərova «Xurşudbanu Natəvan» tamaşasından baş qəhrəmanın, Ramiz Məlikov isə «Qarabağnamə»dən Cavad xanın monoloqunu söylədi.

Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar