Muzey əşyalarının bərpası və qorunmasına həsr olunmuş seminar
Sentyabrın 29-da Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Qubadlı, Zəngilan, Şuşa və Abşeron rayonlarında çalışan muzey əməkdaşları üçün “Nəsillər üçün qoruyaq” adlı təlim-seminar təşkil edilib.
Mərkəzin direktoru Zərifə Məlikova tədbiri açaraq muzey əşyalarının bərpası sahəsində görülən işlərdən danışıb, mərkəzin bu sahə üzrə əməkdaşlarının peşəkarlığının xaricdən gələn mütəxəssislər tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Zəngilan, Xırdalan, Abşeron, Qubadlı tarix-diyarşünaslıq muzeylərinin, Sumqayıt Dövlət Rəsm Qalereyasının, Şuşa Üzeyir Hacıbəylinin ev-muzeyinin, Abşeron rayon Heydər Əliyev Mərkəzinin direktorları və digər iştirakçılar çıxış edib, təcrübələrini bölüşüb, təkliflər irəli sürüblər.
Bərpa olunmuş eksponatlardan nümunələr slayd-şou vasitəsilə təqdim olunub, Mərkəzin “Nəsillər üçün qoruyaq” adlı sərgisinə baxış keçirilib.