Bakıya vurğun rus şairi Sergey Yeseninə həsr olunmuş sərgi açılıb

Oktyabrın 5-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində görkəmli rus şairi Sergey Yeseninin (1895-1925) anadan olmasının 121 illiyinə həsr edilmiş “Mənim düşüncəli və zərif diyarım” adlı sərgi açılıb.

İlk dəfə Azərbaycanda nümayiş etdirilən sərginin ekspozisiyasına Sergey Yesenin Dövlət Qoruq-Muzeyi tərəfindən təqdim olunmuş fotoşəkillər, rəsm əsərləri, heykəllər, nəşrlər və məişət əşyaları daxildir.
Sərgi Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Ryazan vilayətinin Mədəniyyət və Turizm Nazirliyi və S.Yesenin Dövlət Qoruq-Muzeyi tərəfindən təşkil olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov sərgi barədə tədbir iştirakçılarına ümumi məlumat verib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Sergey Yeseninin Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində xidmətlərini xüsusilə qeyd edib, şairin yaradıcılığının Bakı dövrü haqqında danışıb və sərginin işində uğurlar arzulayıb.
Tədbirdə, həmçinin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Ryazan vilayətinin mədəniyyət və turizm naziri Vitali Popov, Sergey Yesenin Dövlət Qoruq-Muzeyinin direktoru Boris İohanson çıxış ediblər.
Sonra qonaqlar sərgi ekspozisiyası ilə tanış olublar.
Tədbir çərçivəsində Sevda Məmmədəliyeva ilə Ryazan vilayətinin mədəniyyət və turizm naziri Vitali Popov və Sergey Yesenin Dövlət Qoruq-Muzeyinin direktoru Boris İohanson arasında görüş keçirilib.
Söhbət zamanı Azərbaycanla Rusiya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq müzakirə edilib. Qonaqlar Sergey Yeseninin əsərlərinin Azərbaycan xalqı tərəfindən sevildiyinin şahidi olduqlarını və bunun müsbət hal olduğunu qeyd ediblər. Görüşdə şairin 1924-1925-ci illərdə Bakıda yaşadığını və həmin dövrdə bir sıra əsərlər yaratdığını nəzərə alaraq, Sergey Yesenin Dövlət Qoruq-Muzeyində S.Yeseninin həyat və yaradıcılığının Azərbaycan dövrünə həsr edilmiş guşənin yaradılmasının məqsədəuyğunluğu vurğulanıb.

* * *
Oktyabrın 4-də isə AMEA Dendrologiya İnstitutunda rus şair Sergey Yeseninin anadan olmasının 121-ci ildönümü və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin S.Yesenin adına Azərbaycan-Rusiya ədəbi əlaqələr mərkəzinin yeni ekspozisiyasının açılışına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış ediblər.
Qeyd olunub ki, məşhur şair əllidən çox şeirini və iki poemasını 1924-25-ci ildə Bakıda yaşayarkən yazıb. Bu əsərlər onun poeziyasının ən qiymətli inciləridir. Yeseninin əsərləri dəfələrlə Azərbaycan dilinə tərcümə olunub.
Tədbirin ədəbi-bədii hissəsində şairin əsərlərindən nümunələr təqdim edilib, sözlərinə bəstələnən mahnılar ifa olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar