Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış rəssam, ömrünün 40 ilini uşaqların zövq tərbiyəçisi olmaq missiyasına həsr etmiş Lətifə Quluzadənin fərdi sərgisi açılıb.

Lətifə xanım uzun illər A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışıb. Onlarla tamaşanın dekorasiyasını, kuklaların eskizlərini hazırlayıb. Hazırda pensiyada olsa da, yenə öz sevimli teatrı ilə əməkdaşlıq edir, gənc rəssamlardan bilik və təcrübəsini əsirgəmir.
Rəssamın 70 illiyi münasibətilə təşkil olunan sərgini giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq bildirdi ki, sərginin “Nağıllardan süzülən rənglər” adlandırılması səbəbsiz deyil. Uzun illərdir ki, neçə nəsil kiçikyaşlı tamaşaçılar özləri də hiss etmədən teatr sənətini, nağıl dünyasını məhz Lətifə xanımın gözləri ilə görüb, tamaşalardakı obrazları onun qəlbinin hərarəti ilə seviblər.
Rəssamlar İttifaqının məsul katibi Rafiq Kərimov sərgi münasibətilə səbəbkarı təbrik etdi. Xalq rəssamı Nazim Bəykişiyev yubilyarın həm də yaxşı keramikaçı olduğunu söyləyərək təəssüfləndi ki, teatr sevgisi ona bacarığını digər təsviri sənət sahələrində bol sınamağa imkan verməyib.
Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, əməkdar artistlər Tamilla Bünyadova və Rəhman Rəhmanov Lətifə xanımla birgə çalışdıqları günləri xatırladılar. Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova isə təxminən 20 il əvvəl «Dəlinin qeydləri» tamaşası üzərində birgə işlərini yada saldı, bu mono tamaşanın hələ də beynəlxalq teatr festivallarına dəvət aldığını deyərək, quruluşçu rəssamın bu uğurda xüsusi payının olduğunu dedi.
Sonda Lətifə Quluzadə tədbirə gələnləri salamlayaraq, muzeyin bütün kollektivinə sərgiyə hazırlıq müddətində çəkdikləri əziyyətə görə minnətdarlıq etdi.
Muzeyin bir salonunda müxtəlif illərdə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilmiş tamaşaların dekorasiya və personajlarının eskizləri seyrçilərə boylanır. «Yay gecəsində yuxu», «Qırmızıpapaq», «Cırtdan», «Nağıl haqqında nağıl», «Qoçaq Əhməd», «O olmasın, bu olsun», «Sindibadın xoşbəxtlik adasına səyahəti» və digər tamaşalar üçün hazırlanmış eskizləri bir arada görərkən rəssamın mənəvi dünyasının nə qədər saf və onun uşaqları nə qədər çox sevdiyinin şahidi olursan.
Uzun illər işlədiyi teatr binasını zarafatyana ərklə «mənim imarətim» adlandıran Lətifə xanım bu məkanda çalışan insanların da qəlbində imarət ucalda bilib. Bunu sərgiyə demək olar ki, bütün kollektivin təşrif buyurması, rəssamın cavan aktrisalar ilə ana-bala münasibəti də sübuta yetirirdi.
Biz də qəzetimizin kollektivi adından Lətifə xanımı təbrik edir, ona cansağlığı, uzun ömür arzulayırıq.

G.Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar