Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi mərasim keçirilib

Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 ili tamam oldu. 1991-ci ilin bu günündə Azərbaycan parlamentində - Ali Sovetdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib. Bundan öncə, avqustun 30-da parlament Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə Bəyannamə qəbul etmişdi. Müstəqillik haqqında Konstitusiya Aktı Azərbaycanın tarixində yeni dövrün başlanğıcı oldu. Sənədin preambulasında Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu, Konstitusiya Aktının Azərbaycan Milli şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Prezident İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixli sərəncamında vurğulandığı kimi, müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin dövlət atributlarını qəbul etməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür.
Bu günlər müstəqilliyimizin 25 illiyi ilə bağlı müxtəlif tədbirlər, mərasimlər keçirilir.
Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Dövlət başçısı Azərbaycanın ötən 25 ildə keçdiyi yola nəzər salıb, müstəqilliyimizin ilk illərinin çətin sınaqlarından, məruz qaldığımız itkilərdən bəhs edib: “Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdir”.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin xilası naminə görülən işlərdən danışan ölkə başçısı müstəqilliyimizin ikinci dövrünü əhatə edən 1993-2003-cü illərdə respublikamızın inkişaf və sabitlik dövrünü yaşadığını vurğulayıb.
Azərbaycanın həyatında növbəti dövrün 2003-cü ildə başladığını diqqətə çatdıran Prezident deyib: “2003-cü il, hesab edirəm ki, müstəqil tariximiz üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi. 2003-cü il seçim ili idi. Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, yenə də Azərbaycan xalqı düzgün seçim etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrü, ikinci dövrün məntiqi davamıdır”.
Prezident vurğulayıb ki, bu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb, beynəlxalq əlaqələrimiz genişlənib. Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var.
Qeyd olunub ki, Azərbaycan dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir: “Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir. Biz bu sərvəti qoruyuruq. Ümumiyyətlə, ölkəmizi bütün bəlalardan qoruyuruq. Heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir”.
Dövlət başçısı daha sonra deyib: “Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır. İyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir. Yaşasın müstəqil Azərbaycan Respublikası!”.
Rəsmi qəbul konsert proqramı ilə davam edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar