Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 2016-cı ili türk dünyasının böyük şairi, görkəmli alim, mütəfəkkir Yusuf Has Hacib Balasaqunlunun 1000 illik yubileyi şərəfinə xatirə ili elan edib. İl ərzində bununla bağlı müxtəlif tədbirlər keçirilib.
Oktyabrın 14-də Qırğızıstanın Tokmok şəhərində “Yusuf Has Hacib ili”nin bağlanış mərasimi olub. Mərasimə Qırğızıstanın baş naziri Sooronbay Ceenbekov, mədəniyyət, informasiya və turizm naziri Sultan Raev, digər rəsmilər, TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş qatılıb.
Mərasimdə çıxış edən baş nazir, Yusuf Has Hacib irsinin qırğız xalqı və bütün türk aləmi üçün əhəmiyyətini vurğulayıb. ""Bu şəhəri Yusuf Has Hacib kəşf etdi"" deyən nazir Sultan Raev sözlərinə belə davam edib: “Tokmok şəhəri Qaraxanlı dövlətinin paytaxtı idi. Bu mirasa sahib çıxmaq bizlərin borcudur. Qaraxanlılar dövlətinə aid tarixi qalıqlar və Yusuf Has Hacibın əsərlərinin yer aldığı ""Yusuf Has Hacib və Qaraxanlılar İmperatorluğu Muzeyi”ni açmaqdan və sahib olduğumuz irsi gələcək nəsillərə ötürməkdən məmnunluq hissi duyuruq. 2016-cı ili “Yusuf Has Hacip ili” elan edən TÜRKSOY-a təşəkkürümü bildirirəm”.
TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş isə Yusuf Has Hacibin birləşdirici gücündən bəhs edib: "İslam-türk ədəbiyyatının bilinən ilk böyük əsəri olan “Kutadqu biliy”i qələmə alan Yusuf Has Hacib bütün dünya üçün əhəmiyyətli bir filosofdur. 2016-cı ili Türk dünyasında “Yusuf Has Hacib ili” elan edərək, əsərləri ilə bizlərə yol göstərmiş, bizləri bir araya gətirmiş olan bu uca şəxsiyyəti xatırlamaq və onun qoyub getdiyi mədəni mirası yeni nəsillərə çatdırmaq istədik. Min il əvvəl yaşamış olan Yusuf Has Hacib sayəsində bu gün sizlərlə bir arada olmaqdan məmnunuq".
Çıxışların ardından tədbir mədəni proqramla davam edib. Yerli sənətçilərin iştirakı ilə Yusuf Has Hacibin həyatı teatral kompozisiya şəklində tamaşaçılara nümayiş etdirilib.
Türk-islam tarixi və mədəniyyəti baxımından son dərəcə önəmli olan “Kutadqu bilik” (“Xoşbəxtlik verən bilik”) siyasətnaməsinin müəllifi olan mütəfəkkirin həyatı haqqında məlumatlar azdır. Onun 1016-1017-ci illərdə Qaraxanlı dövlətinin (Orta Asya və Şərqi Türküstan torpaqlarında mövcud olmuş türk dövləti) Balasaqun şəhərində anadan olduğu, 1069-1070-ci illər arasında vəfat etdiyi təxmin edilir.
Mehparə