Oktyabrın 15-də Gürcüstanın paytaxtında ənənəvi “Tbilisoba” bayramı qeyd olunub. Bayram tədbirində bu ölkədə yaşayan soydaşlarımız da fəal iştirak ediblər.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının təşəbbüsü ilə paytaxtın mərkəzində, Kür çayının sağ sahilində “Azərbaycan guşəsi” yaradılıb. Buraya gələnlər Azərbaycan mətbəxinin ləziz yeməklərinin - dolma, plov, Borçalı qatlaması, şəkərbura və paxlavanın, müxtəlif kababların dadına baxıb, Azərbaycan musiqisinə qulaq asıblar.
“Ceyran” rəqs qrupu, “Qafqaz” və “Gürcüstan oğlanları” qrupları, yeniyetmə aşıqlar Məsim Rəcəbov və Renat Hüseynov, gənc tarzən Ramin Pirməmmədov Azərbaycan və gürcü xalq mahnı və rəqslərini ifa ediblər. Gürcüstanda “maqnit adam” ləqəbi ilə tanınan Etibar Elçiyev-Budaqlı minik avtomobilini uzaq məsafəyə dartaraq bu dəfə də tamaşaçıları heyrətləndirib.
“Azərbaycan guşəsi”ni nəvəsi ilə ziyarət edən Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xizanaşvili deyib: “Gürcüstan çoxmillətli ölkədir. Gürcüstanın inkişafında azərbaycanlıların böyük xidmətləri var. Onların təşkil etdikləri guşədə biz Azərbaycanın zəngin mədəniyyətinin, mətbəxinin şahidi olduq. Arzu edirəm ki, Azərbaycan və gürcü xalqlarının dostluğu əbədi olsun”.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov deyib ki, tədbirin keçirilməsində məqsəd iki ölkə xalqlarının birliyini nümayiş etdirməkdir. Eyni zamanda Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini, milli mətbəximizi xaricilərə tanıtmaqdır.
“Tbilisoba” bayramı münasibətilə şəhərin mərkəzi küçə və meydanında yarmarka təşkil olunub. Kür çayının üzərindəki Barataşvili körpüsündə ötən əsrdə istehsal olunmuş və müasir dövr avtomobillərinin sərgisi də keçirilib.
Baş nazir Georgi Kvirikaşvili bayram tədbiri keçirilən küçə və parkları gəzib, xalqı təbrik edib.
Qeyd edək ki, “Tbilisoba” bayramı 1979-cu ildən keçirilir. Bayramda Gürcüstan vətəndaşları küçə, prospekt və parklarda milli suvenirlərin satışını təşkil edir, mədəniyyətini, məhsullarını və mətbəx nümunələrini nümayiş etdirirlər.