Azərbaycan tərəfi layihənin həyata keçirilməsi, o cümlədən arxiv materiallarının toplanılması üçün hər cür köməyi göstərəcək
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 30 avqust 2016-cı il tarixində “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb. Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illiyinin qeyd olunması Almaniya, Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə UNESCO-nun 2016-2017-ci illər üzrə yubileylər proqramına da salınıb. Bu münasibətlə alman kinematoqrafçıları tərəfindən Azərbaycan və Gürcüstandakı alman irsi haqqında sənədli filmin çəkilişinə hazırlıq gedir.
Oktyabrın 18-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva alman kinorejissoru Fridhelm Brükner və onu müşayiət edən həmkarları Ortvin Henniq, Gunter Konrad, Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Tseretelli ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının baş məsləhətçisi Südabə Zeynalova və nazirliyin məsul əməkdaşları da iştirak edib.
Nazir müavini çıxış edərək bildirib ki, üç ölkənin - Almaniya, Azərbaycan və Gürcüstanın birgə tarixinin səhifələrindən bəhs edən filmin çəkilişi xalqlarımız üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanda mövcud olan multikultural mühitin və tolerantlığın bu filmdə əksini tapması və alman ictimaiyyətinə çatdırılması xüsusi önəm kəsb edir.
S.Məmmədəliyeva çəkilişlərlə bağlı müvafiq tövsiyələr verib. Prosesə əlavə arxiv və fotomaterialların daxil edilməsinin zəruriliyi vurğulanıb, həmçinin mövzunun tədqiqatçısı olan Südabə Zeynalovanın əsərlərindən istifadə olunması tövsiyə edilib.
S.Zeynalova öz fikirlərini bölüşüb və çap olunmuş bəzi əsərlərini Almaniyadan gələn mütəxəssislərə təqdim edib.
F.Brükner və O.Henniq çıxış edərək Azərbaycanın qərb hissəsində iki əsr əvvəl məskunlaşmış alman köçkünlərinin tarix və mədəniyyətinin qorunması və gələcək nəsillərə çatdırılmasında mühüm işlərin həyata keçirilməsinə görə Azərbaycan xalqına və dövlətinə dərin hörmət və ehtiramlarını bildiriblər. Vurğulanıb ki, filmin çəkilişlərinə 2016-cı ilin sonu - 2017-ci ilin əvvəllərində başlanılacaq və layihənin həyata keçirilməsinə 1-2 il vaxt tələb olur.
Nazir müavini S.Məmmədəliyeva qeyd edib ki, Azərbaycan tərəfi layihənin həyata keçirilməsi ilə bağlı lazımi tədbirlər görməyə hazırdır və materialların toplanılması ilə bağlı arxivlərdə müvafiq şərait yaradılacaq. Vurğulanıb ki, tərəflərin ən başlıca məqsədi bu filmin yüksək keyfiyyətlə ərsəyə gətirilməsidir.