Oktyabrın 25-də Qərb Universitetində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə “İntermediallıq məsələləri. Musiqi və ədəbiyyat” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Qərb Universitetinin rektoru Zenfira Məmmədova tədbiri açaraq bildirib ki, konfransa Yaponiya, Gürcüstan, Rusiya və İrandan mütəxəssislər qatılıb.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov “Orta əsr Mərkəzi Asiyadakı mədəni transferə ortaq muğam və poeziya mühitinin təsiri” mövzusunda geniş məruzə ilə çıxış edib. Təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında yayılan muğamın coğrafiyasını elmi əsaslarla şərh edən akademik dahi söz ustaları Nizami, Hafiz, Füzuli, Sədi Şirazi, Seyid Əzimin yaradıcılığının muğama təsirindən söhbət açıb.
Tokio İncəsənət Universitetinin fəxri doktoru Geniçi Tsuge “Baburnamə”yə yenidən baxış” mövzusunda məruzəsində qədim cığatay türklərinin istifadə etdikləri tambur, ud, kamanə, qopuz kimi qədim türk alətlərindən bəhs edib.
Rusiyadan Olqa Tarışeva, Gürcüstandan Nana Vaişvili, İrandan Fərid Pərvaneh qədim dövrdə xalqların ədəbiyyatının, incəsənətinin bir-birinə qarşılıqlı təsir etməsindən danışıblar.
Beş bölmədə müzakirələrlə davam edən konfransda Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Milli Konservatoriyanın prorektoru Lalə Hüseynzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, filologiya elmləri doktoru Gülşən Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və başqaları çıxış ediblər. “Məhəmməd Füzulinin “Yeddi cam” poemasında musiqi və hikmət”, “Nizami Gəncəvinin əsərlərində ərğənun aləti”, “Müstəqillik illərində marş tipli nəğmələr”, “Qəzəllə muğamın psixoloji vəhdəti”, “Aşıq yaradıcılığında musiqi ilə poetik mətnin qarşılıqlı əlaqələrinə dair”, “Operada Azərbaycan ədəbiyyatının əksi”, “Musiqi sözün əsirliyində” və digər mövzularda məruzələr dinlənilib.
Beynəlxalq muğam festivalının laureatı Kamilə Nəbiyevanın ifasında muğamlar səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar