Kino sahəsinə güzəştli kreditlərin verilməsi, kino texnikası və avadanlıqlarının idxalının gömrük rüsumlarından azad edilməsi nəzərdə tutulur

Noyabrın 1-də Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kinematoqrafiya haqqında” yeni qanun layihəsinin müzakirəsi keçirilib.
Komitənin sədri Rafael Hüseynov bildirib ki, hazırda qüvvədə olan qanun 1998-ci ildə qəbul olunub, o vaxtdan indiyə qədər ölkəmiz, o cümlədən mədəniyyət və kino sahəsi mühüm inkişaf yolu keçib və yeni qanuna ehtiyac var.
Qeyd olunub ki, 12 fəsil, 40 maddədən ibarət yeni qanun layihəsi filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. Milli kinematoqrafiya irsinin qorunması, milli filmlərin istehsalı və yayımlanması, uşaqlar və gənclər üçün filmlərin istehsalı və yayımlanması, kinematoqrafiya sahəsində fəaliyyətin əlaqələndirilməsi, dünya kinematoqrafiya sənətinin təbliği, kinematoqrafiya sahəsində kadrların hazırlanması və peşəkarlıq səviyyəsinin artırılması, bu sahəyə sərmayələrin qoyulmasının təşviqi kinematoqrafiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. Sənədə əsasən, Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və milli maraqlarına zərər vura biləcək filmlərin istehsalına və yayımına yol verilmir.
Qanun layihəsinə əsasən, kinematoqrafiya sahəsində film komissiyaları yaradılacaq. Komissiya Azərbaycanda audiovizual əsərlərin və filmlərin istehsalına dəstək verən publik hüquqi şəxs olacaq. Komissiyalar fəaliyyətini "bir pəncərə" prinsipi əsasında quracaq və müraciət edən prodüserə audiovizual əsərlərin və filmlərin istehsalında xidmətlər təqdim edəcək.
Azərbaycanda kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi də nəzərdə tutulur. Bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanun layihəsində qeyd edilir ki, gənc kinematoqrafçıların bilik və bacarıqlarının, peşəkar səviyyələrinin artırılması və yaradıcılıqlarının inkişafı məqsədilə həvəsləndirmə tədbirlərinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
“Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliyə əsasən milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalına görə 2017-ci il yanvarın 1-dən 3 il müddətinə gömrük rüsumlarından azad edilirlər.
İclasda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qeyd edib ki, kino studiyaları gəlir gətirmək üçün müasir avadanlıqlara malik olmalıdır. Azərbaycanda 40-a yaxın prodüser mərkəzi fəaliyyət göstərir, onların böyük əksəriyyətinin film istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün maddi-texniki bazası yoxdur. Ancaq bütün bunlara rəğmən, “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə onlar son illərdə dünya kino bazarında uğur qazanmış bir necə filmə imza atıb. “Azərbaycanfilm”in özünün də malik olduğu texnika yüksək səviyyədə deyil. Kinostudiya çəkilən filmlər üçün xarici ölkələrdən müasir texniki avadanlıqlar icarəyə götürür.
Nazir müavini bildirib ki, Azərbaycan Dövlət Film Fondunda 40 minə yaxın film saxlanılır. Fondun 600 minə yaxın filmi qorumaq imkanları var. Bu, regionda, Yaxın Şərqdə yeganə dünya standartları səviyyəsində temperatur rejimini qoruyub saxlaya bilən bir fonddur. Əgər filmlərlə bağlı məsələlərə maliyyə nöqteyi-nəzərdən güzəştlər tətbiq olunarsa, biz qonşu dövlətlərin saxlaya bilmədiyi filmləri də Film Fondunda saxlayıb, gəlir əldə edə bilərik.
Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar