Üzeyir Hacıbəyovun xeyir-duası ilə fəaliyyətə başlayan ansambl bu il 80 yaşını qeyd etməyə hazırlaşır
Xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrnin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir... Azərbaycanın qədim Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas olan milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə birləşdirir.
Xalqımızın igidliyini, qəhrəmanlığını, adət-ənənələrini özündə əks etdirən Şərur yallılarının əsrlərdən bəri yayılması və yaşadılması yurdumuzun bu guşəsinin həm qədimliyindən, həm də mənəvi zənginliyindən soraq verir.
Gəlin bir qədər geriyə qayıdaq. 1937-ci ildə böyük bəstəkar Üzeyir Hacıbəyovun keçmiş SSRİ Ali Sovetinə Şərur rayonunun indiki Cəlilkənddən deputatlığa namizədliyi irəli sürülür. Seçiciləri ilə görüşə gələn bəstəkarın şərəfinə klubda bədii özfəaliyyət kollektivi konsert verir. Səhnədə bir-birini əvəz edən yallı və rəqslər Üzeyir bəyi valeh edir. Axırda Üzeyir Hacıbəyov bədii özfəaliyyət kollektivinə xeyir-dua verir və arzu edir ki, onlar xalqımızın qədim yallılarını, rəqslərini dünya xalqları qarşısında nümayiş etdirsinlər.
Əslində Şərurda yallı qrupu 1929-cu ildən fəaliyyət göstərirdi. Yengicəli Həsən bəy adlı bir ziyalı Yengicə, Çərçiboğan, Çomaxtur, Oğlanqala, Cəlilkənd və digər kəndlərin istedadlı gənclərini başına toplamış, unudulmaqda olan yallılarımıza yeni nəfəs vermiş, səhnəyə çıxarmışdır. Elə Üzeyir bəyin qarşısında rəqs edən gənclərin çoxu da Həsən bəyin yetirmələri idi. Üzeyir bəyin yallı kollektivinə xeyir-dua verməsi rayonun və muxtar respublikanın o zamankı rəhbərlərinin nəzərini incəsənətin bu sahəsinə yönəltmiş, qədim yallılarımızın, rəqslərimizin taleyi üçün onların məsuliyyətini artırmışdır.
Cəmi bir il sonra, yəni 1938-ci ildə «Şərur» Yallı Ansamblı Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasına - ongünlüyünə dəvət alır. Oğlanqala kənd sakini Səyyub Abdullayevin rəhbərlik etdiyi yallı ansamblı Üzeyir bəyin etimadını doğruldur, Moskvada böyük uğur qazanır. Bundan sonra Üzeyir Hacıbəyov ansamblın kollektivinə təbrik göndərir. Beləliklə, Moskvadakı uğurlu çıxışları ilə şöhrətlənən kollektiv tez-tez muxtar respublikanın şəhər və rayonlarına, kəndlərinə qastrol səfərlərinə çıxır, rəngarəng konsert proqramları ilə çıxış edir. Elə bir bayram tədbiri olmur ki, yallı qrupu orada öz məharətini göstərməsin.
Bu gün də kollektiv kənd-kənd, oba-oba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayaraq repertuarını daha da zənginləşdirir. Hazırda onların repertuarında 40-dan artıq yallı və rəqs vardır. «Qaladan-qalaya», «Hoydunərim», «Qazı-qazı», «Naxçıvan», «İrəvan», «Xələfi» yallıları, «Üzüm», «Bayram», «Fəridə» rəqsləri tamaşaçıların böyük rəğbətini qazanıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Kimya Babayeva 1979-cu ildən taleyini birdəfəlik olaraq yallı kollektivinə bağlamış, səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. O, 2005-ci ildən «Şərur» Xalq Yallı Ansamblına rəhbərlik edir. Söhbət zamanı Kimya Babayeva bildirirdi ki, mədəniyyətə daim qayğı göstərən ulu öndərimiz Heydər Əliyev hələ Azərbaycan KP MK-nın birinci katibi işləyərkən «Şərur» Xalq Yallı Ansamblını Azərbaycanın bir çox mötəbər məclislərinə dəvət etmişdir. «Şərur» Xalq Yallı Ansamblı bu gün də diqqət və qayğıdan kənarda deyil. Təsadüfi deyildir ki, bu qədim ansambl haqqında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov belə bir yüksək fikir söyləmişdir: «Naxçıvanın üç incisi bizim üçün xüsusi ilə əzizdir. Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq».
Xalqımızın yaratdığı rəqslər saysız-hesabsızdır. Əsas məsələ rəqsin, yallının milli üslubunu qoruyub saxlamaq, onun təlqin etdiyi fikri, emosional təsir gücünü zərif, incə çalarlarla tamaşaçılara çatdırmaqdır. Bir vaxtar «Şərur» Xalq Yallı Ansamblının üzvü olmuş, indi isə onun bədii rəhbəri kimi fəaliyyət göstərən Mircəfər Həsənovun fikrincə, yallının hər bir növündə xalqımızın qəhrəmanlıq mübarizəsi yaşayır.
Bəli, Şərur yallıları da ilkin insan yaşayış mağarası olan Əshabi-Kəhfdə insanlar yaşayanda, Gəmiqayada daşlara öz tarixini köçürəndə yaranıb. Onu da deyək ki, müxtəlif illərdə kollektivə məşhur rəqqasələr - xalq artistləri Əminə Dilbazi, Roza Cəlilova, əməkdar artist Aliyə Ramazanova və baletmeyster Əli Əşari yaxından kömək etmiş, rəqqasların ustalığının, ifaçılıq texnikasının artırılmasına, repertuarının zənginləşməsinə köməkliklərini əsirgəməmişlər.
«Şərur» Xalq Yallı Ansamblı 1972-ci ildə Almaniyada, 1984-cü ildə Polşada, 2001-ci ildə Misirdə keçirilən Beynəlxalq Folklor festivallarının laureatı olmuşdur. Bundan əlavə, ansambl 1980-ci ildə Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, 1987-ci ildə Türkiyənin İsgəndəriyyə şəhərində keçirilən folklor bayramında, 1998-ci ildə Bayburt şəhərində «Dədə Qorqud» festivalında maraqlı konsert proqramı ilə çıxış etmişdir. Ansamblın mükafatlarının, təltiflərinin sayı-hesabı yoxdur. Təkcə onu demək kifayətdir ki, 2005-ci ilin may ayında İstanbul şəhərində keçirilən folklor festivalında 57 ölkənin folklor kollektivi arasında «Şərur» Xalq Yallı Ansamblı birinci yeri tutmuş, festivalın mükafatına və diplomuna layiq görülmüşdür. Bəli, vaxtilə böyük Üzeyir bəyin xeyir-dua verdiyi yallı qrupu onun ümidlərini doğruldaraq indi məşhur ansambl kimi dünyanı dolaşır.
Bu ilin payızında «Şərur» Xalq Yallı Ansamblının yaradılmasının 80 illiyi tamam olur. Kollektiv öz yubileyinə ciddi hazırlaşır. Bunun üçün geniş tədbirlər planı nəzərdə tutulmuşdur. Tədbirlər planına uyğun olaraq rayonun klub və mədəniyyət evlərində fəaliyyət göstərən yallı ansambllarına baxış-müsabiqə keçiriləcəkdir.
Şərurda tanınmış bir yallı kollektivi - Çərçiboğan kənd mədəniyyət evinin nəzdində «Nurani» Xalq Ansamblı da fəaliyyət göstərir. «Nurani» 1987-ci, 1988-ci illərdə Moskvada keçirilən festivalların, 1998-ci ildə isə «Şərur» Xalq Yallı Ansamblı ilə birlikdə Türkiyənin Bayburt şəhərində keçirilən folklor festivalının iştirakçısı olub, ölkəmizi ləyaqətlə təmsil edib. «Nurani» ansamblının (bədii rəhbəri Bəxtiyar Mehdiyevdir) ifa etdiyi qədim yallılarımızda əsasən igidlik, qəhrəmanlıq təcəssüm olunur. Yaşlı kənd ağsaqqllarının ifasında bütün bunlar tamaçıda bir məğrurluq, qürur hissi oyadır.
Cəfər Əliyev,
«Şərurun səsi» qəzetinin əməkdaşı