Ağcabədi rayonunun Kəbirli kəndi yaxınlığında Haramı düzü kimi tanınan ərazidə yeddi min il yaşı olan yaşayış sahəsi aşkar olunub. Təxminən 60 ildən sonra əcnəbi arxeoloqlar da Qarabağda aparılan tədiqiqatlara qoşulublar.
   Bu haqda Mil-Qarabağ Arxeoloji Ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev məlumat verib. Onun sözlərinə görə, eradan əvvəl V minilliyə aid Eneolit yaşayış məskənindən çiy kərpicdən inşa edilmiş tikili qalıqları aşkar olunub. Tapıntının məbəd olduğu ehtimal edilir. Yaşayış yerindən boyalı keramika, iynə, biz, daş alətlər aşkar olunub. Tədqiqat sahəsi Ubeyd mədəniyyətinə aid materiallarla da zəngindir.
   Təvəkkül Əliyev səkkiz nəfərdən ibarət arxeoloji ekspedisiya qrupunda üç almaniyalı mütəxəssis, iki iranlı aspirantın və yerli arxeoloqların çalışdığını bildirdi. Qrupa Berlin Universitetindən arxeoloq Barbara Helvingin rəhbərlik edir. Arxeoloqların qənaətinə görə, yaşayış yeri ən qədim insan məskənlərindəndir, erkən əkinçilik dövrünə aiddir.
   T.Əliyev deyir ki, tədqiqatlar ərazidəki Kamil təpədə aparılır. Onun ətrafında daha bir neçə bu cür təpələr var. Gələcəkdə onların da tədqiq olunması nəzərdə tutulur.
  
   “Mədəniyyət”