Bakı - qədim Azərbaycanın qaynar ürəyi, sivilizasiyaların kəsişdiyi və əslində birləşdiyi yer. Zamanın damla-damla hördüyü, təzələdiyi, böyütdüyü məkan. Gözəlliyinə və zənginliyinə qənim kəsilmiş tarix yellərinin, nə qədər çox əssə də, Yer üzündən silə bilmədiyi odlar və küləklər diyarı. Xəzərin baş qoyub dincəldiyi qoca şəhər...
   
   Tarixi abidələri ilə insanları heyrətləndirən bu məkanda keçmişlə gələcək gözlə qaş qədər bir-birinə yaxındır. İstəsən, əsrləri daş kitabələrdə vərəqləyəcəksən, diqqətlə qulaq assan, danışan tarixin səsini eşidəcəksən. Bunun üçün yolunu şəhərin içindəki Ana şəhərdən - İçərişəhərdən salmalısan. İçərişəhərin hər daşında tarixin ürəyi döyünür. Dalanlar, döngələr, daş yollar sirli şəkildə bir-birini əvəz edir. Nəhayət, gəlib İçərişəhərin baş tacı olan Şirvanşahlar sarayına çatırıq...
   Əsrlər boyu xalq arasında Murad darvazası kimi tanınan Şərq darvazasının bu üzündə XXI əsrdir. Müasir dünya, çağdaşlıq, modern inkişaf. Demək, bəşəriyyətin keçdiyi yolda çox şey dəyişib. Dəyişməyən Tanrıya olan sevgi, tarixin izləri və heç nəyə məhəl qoymadan öz yoluyla axıb gedən zamandır...
   İndi zamanın gəldiyi yolla geri dönəcəyik. Darvazalar açılacaq və cəmi bir addımdan sonra XV əsrə düşəcəyik.
   Orta əsrlər Azərbaycan memarlığının incisi sayılan Şirvanşahlar sarayı İçərişəhərin ən hündür nöqtəsində qüdrətli Şirvan hökmdarı I Xəlilullah ibn Şeyx İbrahim tərəfindən ucaldılıb. Yaxın Şərqdə analoqu olmayan bu möhtəşəm kompleksdə 52 otaqlı saray binası, divanxana, alim Seyid Yəhya Bakuvinin türbəsi, Şərq üslubunda portal, gözəl memarlıq elementləri ilə diqqəti cəlb edən minarəli məscid, şahın ailəsinin dəfn olunduğu türbə, qədim saray hamamı, 70 pilləli yeraltı su anbarı - şah ovdanı yerləşir.
   Tarixi mənbələrin verdiyi məlumata görə, 1420-ci ildə inşasına başlanılan bu əzəmətli sənət abidəsi 30 il müddətinə hissə-hissə tikilib başa çatdırılıb.
   Şirvanşahlar sarayı hündür portalı, minarəli günbəzlə tamamlanan binaları, ornament və kitabələrinin təkraredilməz incə oyma təsvirləri, yüksək bədii zövq və ustalıqla yaradılmış detalları, son dərəcə zərif və qüsursuz daş hörgüsü ilə bu gün də insanları heyrətləndirir.
   Sarayın Şərq arxitekturasının nadir incilərindən sayıla biləcək nəbati və həndəsi ornamentlərlə süslənmiş əzəmətli portalını donmuş musiqi adlandıranlar da yanılmırlar.
   
   Saray binası
   
   İkimərtəbəli saray binası kompleksin ən qədim tikilisidir. Birinci mərtəbədə 27 otaq, ikinci mərtəbədə 25 otaq yerləşir. Bina öz lakonik forması, daşların düzülüşündəki işıq oynaqlığı, portalının möhtəşəmliyi, birinci və ikinci mərtəbənin pəncərə və mazğallarındakı şəbəkə ilə diqqəti cəlb edir. Bu möhtəşəm sarayın divarları Şirvanşahların şanlı tarixini günümüzə qədər gətirib çıxarıb.
   XV əsrin əvvəllərindən Şirvanşahlar dövlətinin təqribən 100 il davam edən müstəqillik və inkişaf dövrü başlanır. 50 ilə yaxın hökmdarlıq etmiş Şirvanşah I Xəlilullah möhkəm idarəçilik qanunlarına əsaslanan güclü dövlət aparatı, inzibati-amirlik və vergi sistemi yaratmağa müvəffəq olur. Şah ölkəsinin abadlığı və çiçəklənməsi üçün qalalar, qəsrlər, qala divarları, saraylar, karvansaralar, körpülər tikdirir.
   Qüdrətli Xəlilullah ən mühüm qərarlarını da məhz bu sarayda verirdi. Ömrünün ən xöşbəxt anları da elə bu sarayla bağlıdır.
   
   Divanxana
   
   Divanxana Şirvanşahlar sarayının əsas binasına yaxın yerləşir. Təyinatına görə divanxanada rəsmi qəbul mərasimləri, şahın və əyanlarının iştirakı ilə dövlət şurasının iclasları keçirilərdi.
   Əsas girişin hündur, simmetrik biçimli portalı ornamentlə, qeyri-adi dərəcədə zərif və gözəl yazı ilə bəzədilib. Ornamentin naxışları əncir və üzüm yarpaqlarının hörülməsindən ibarətdir. Bundan əlavə, portal iki medalyonla bəzədilib, onların içərisində ərəb dilində, kufi qrafikası ilə yazılar var.
   Divanxanaya daxil olan yerdə, qapının üstündə Quranın 10 surəsi əks olunub. Mübarək kəlamların birində deyilir: “Allah öz istədiyi insanları düz yola aparır ”.
   Divanxana həm içəridən, həm də çöldən daş günbəzlə örtülmüş səkkiz guşəli zaldan ibarətdir.
   Memar Əmirşahın yaratdığı Şərq darvazası Şirvanşahlar ansamblının XVI əsrə aid olan yeganə tikilisidir.
   
   Şah məscidi
   
   Saray məscidi kompleksin aşağı həyətindədir. Yüksək zövq və sənətkarlıqla tikilib. Məscidin minarəsində abidənin 1441-ci ildə tikildiyi göstərilir və daşlara həkk olunmuş yazıda deyilir: “Böyük və qüdrətli Allaha həmd, Məhəmmədə dualarımız olsun. Bu minarənin açılmasını qüdrətli sultan Xəlilullah əmr etdi. Allah onun hakimiyyət və şahlıq günlərini göylərə ucaltsın”.
   Allah bəndələrinin dualarını qəbul etdi, Şah məscidindən bu gün də azan səsi eşidilir.
   Əsrləri yola salmış daş yollarla addımladıqca adama elə gəlir ki, bu dəqiqə şəhər darğası Mövlanə Həsən, ya şahnəsi Saleh, ya da saray şairi Bədr Şirvani, bəlkə də gələcəkdə I Xəlilullahın varisi olacaq balaca Fərrux Yasarla qarşılaşacaqsan.
   
   Xatirə türbəsi
   
   Bu türbə Şirvanşahların ailəvi məqbərəsidir. Giriş qapısının üstündə sağ və sol tərəfdə yazılı medalyonda “Allah, Məhəmməd” sözləri oxunur. Türbənin giriş qapısına həkk olunmuş başqa bir yazıda isə oxuyuruq: “Mərhəmətli böyük sultan Xəlilüllah hicri tarixiylə 839-cu ildə bu müqəddəs türbəni anasının və oğlunun xatirəsinə tikdirmişdir”.
   Ölüm haqdı. Hamının keçdiyi son qapıdır. I Xəlilullahın anası Bikə xanımın uyuduğu bu türbəyə diqqətlə baxsanız, onun quruluşunda rahat uyuyan və oğluyla fəxr edən bir ananın üz cizgilərini görə bilərsiniz.
   Xatirə türbəsində başqa qəbirlər də var. Xəlilullahın saray şairi Bədr Şirvaninin verdiyi məlumata görə, Şirvanşah I Xəlilullahın 5 oğlundan dördü atasının sağlığında dünyasını dəyişmiş, qüdrətli hökmdar bu ağrıları yaşamışdı. Böyük hökmdar əzizlərinin xatirəsini uca tutmuş, özü və zövcəsi Xanikə Sultanın da son mənzili bu türbə olmuşdu.
   Müəllifi memar Məhəmməd Əli olan Şirvanşahlar türbəsi öz gözəlliyi və zəngin ornament bəzəyi ilə bu gün də hər kəsi heyrətləndirir.
   
   Bakuvi türbəsi
   
   Çox da böyük olmayan günbəzlə örtülmüş səkkizbucaqlı türbə xalq arasında “Dərviş türbəsi” kimi tanınır. Bu türbədə saray alimi olmuş Seyid Yəhya Bakuvi uyuyur. Bakuvinin həyat və yaradıcılığı xeyli zəngindir. 30 adda sufi-mistik xarakterli əsəri günümüzə qədər gəlib çatıb. Onun “Həqiqəti axtaranların sirri”, “İşarələrin rəmzi” kimi əsərləri fəlsəfə, astronomiya və riyaziyyat elmlərinin öyrənilməsi sahəsində dəyərli mənbələrdir.
   
   Saray hamamı
   
   Şirvanşahlar saray kompleksinin ən aşağı hissəsindəki həyətdə, yerin altında tikilmiş hamamxana da xüsusi maraq doğuran tikililərdəndir. XV əsrə aid olan bu tikilidə Şərq hamamlarına xas bütün cəhətlər birləşib. Hamam bizə uçub-dağılmış formada gəlib çatsa da, qalıqlar binanın rasional kompozisiyaya uyğun inşa edildiyindən xəbər verir.
   “Çöl” adlanan otaqlar soyunma, “içəri” adlanan otaqlar isə yuyunmaq üçün nəzərdə tutulub. İsti su hovuzu olan yerdə suyun qızdırılması üçün xüsusi qızdırıcı külxana otağı olub. 1733-cü ildə sarayda olmuş avropalı səyyah İ.Lerx hamam haqqında yazırdı: “O xaricdən olduğu kimi, daxildən də gözəl bəzədilib”.
   Deyirlər, tarix də teatr səhnəsi kimidir. Bu səhnə hər zaman yeni tamaşalar istəyir. Zaman gəldi, Şirvanşahlar tarixin səhnəsinə çıxmış güclü Səfəvilər dövlətinin hücumu qarşısında süqut etdi. Şirvanşahlar sülaləsinin adından, bir də əsrləri keçib gələn bu qiymətli abidələrdən başqa bir iz qalmadı.
   XV əsr mədəni irsimizin tacı olan Şirvanşahlar saray kompleksinə səyahətimiz burada başa çatdı. Hə, az qala unudacaqdım: 1964-cü ildən qoruq-abidə elan olunan saray 1997-ci ildən UNESCO tərəfindən qorunan abidələr siyahısına daxil edilib.
   Darvazalar açılır, biz şahlı tariximizin bir parçasından ayrılıb yenidən XXI əsrə qayıdırıq...    

    Təranə Məmmədova







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar