Sevda Məmmədəliyeva
Mədəniyyət və turizm nazirinin müavini
(Əvvəli ötən sayımızda)
Müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi “Bakı prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir.
Bu mənada “Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprel ayında Bakıda “Dünya Mədəniyyətlərarası Dialoq Forumu”nun (World Forum for Intercultural Dialogue) keçirilməsi təşəbbüsü irəli sürülmüşdür. Forumun keçirilməsində əsas məqsədləri belə sıralamaq olar:
- müxtəlif mədəniyyətlər, xüsusilə qərb ilə İslam dünyası arasında mədəniyyət körpüsü yaratmaq və fərqli sivilizasiyalar arasında dialoqun inkişafına xidmət etmək;
- mədəniyyətlərarası dialoq sahəsində praktik fəaliyyətlərin və layihələrin həyata keçirilməsi, yəni bu istiqamətdə real addımların atılması;
- dünyanın bütün regionlarının iştirakı ilə mədəniyyətlərarası dialoqun müzakirə edilməsinə, qlobal səviyyədə mədəniyyətlərarası dialoq layihələrinin və təşəbbüslərinin irəli sürülməsinə, bu sahədə çalışan beynəlxalq təşkilatların və qurumların əlaqələndirilməsinə şəraitin yaradılması;
- beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin təbliği və ölkəmizin müsbət imicinin təşviq olunması, Ermənistanın saxta iddialarına qarşı lazımi səviyyədə intellektual mədəni mübarizənin aparılması və ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
- Azərbaycan mədəniyyətinə Ermənistan tərəfindən vurulmuş ziyan və bu işğalçı dövlətin dağıdıcı fəaliyyəti barəsində beynəlxalq aləmin məlumatlandırılması;
- Azərbaycan Respublikasının xarici siyasət prioritetləri çərçivəsində çoxtərəfli və balanslı “mədəniyyət diplomatiyası”nın həyata keçirilməsi;
- mədəniyyət sahəsində çalışan beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
- Azərbaycanı dəstəkləyən “mədəniyyət lobbisi”nin formalaşdırılması.
2009-cu ilin 6-7 noyabr tarixində Sloveniyanın Lyublyana şəhərində keçirilən “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda Nazirlər Konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurasının baş katibi Torbyorn Yagland ilə görüşmüş və ölkəmizin Avropa ilə İslam dünyası arasında dialoq prosesində (“Bakı prosesi”) fəaliyyəti, 2011-ci ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə “Dünya Mədəniyyətlərarası Dialoq Forumu”nun keçirilməsi ilə bağlı ona məlumat vermiş və Avropa Şurasını bu prosesdə Azərbaycanı dəstəkləməyə dəvət etmişdir.
Forumun təşkil edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan, UNESCO, Avropa Şurası, İSESCO və Sivilizasiyalar Alyansının nümayəndələrindən ibarət İşçi Qrup yaradılmış və Fransanın Paris şəhərində 2009-2010-cu illərdə İşçi Qrupunun bir neçə görüşü keçirilmişdir. İclaslarda qeyd edilən beynəlxalq qurumlar Azərbaycan tərəfinin təşəbbüsünü dəstəkləmiş və bu prosesdə fəal iştirak edəcəklərini bildirmişlər. 2010-cu ilin 5-6 may tarixində Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Plenar Sessiyasında forumla bağlı müzakirələr aparılmış və iştirakçılar tərəfindən bu təşəbbüs yekdilliklə dəstəklənmişdir.
Forumda Bakı şəhərinin “Dünya Mədəniyyətlərarası Dialoq Paytaxtı” elan edilməsi, “Qlobal mədəniyyətlərarası şəhərlər layihəsi”nin təsis edilməsi ilə bağlı müvafiq işlər aparılır. Foruma dünya liderləri, prezidentlər, beynəlxalq təşkilatların rəhbərləri, xarici işlər və mədəniyyət nazirləri, məşhur mədəniyyət xadimləri və nüfuzlu şəxslərin dəvət edilməsi nəzərdə tutulur.
“Dünya Mədəniyyətlərarası Dialoq Forumu”nun ölkəmizdə təşkili İslam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, Azərbaycanın nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artırılmasına, eləcədə Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasına xidmət edir.
* * *
Mədəniyyətlərarası dialoqun inkişafında UNESCO kimi qlobal beynəlxalq təşkilatın rolu olduqca əhəmiyyətlidir. Qeyri-maddi irs nümunələri vasitəsilə mədəniyyətlərin yaxınlaşmasına, anlaşmasına şəraitin yaradılması UNESCO-nun əsas prioritetlərindən biridir. Bu istiqamətdə Azərbaycan Respublikası UNESCO ilə sıx əməkdaşlıq münasibətlərinə malikdir. Təsadüfi deyil ki, UNESCO-nun baş direktoru xanım İrina Bokova xarici ölkələrə ilk səfərlərdən birini 2010-cu ilin 28 iyul - 2 avqust tarixlərində Azərbaycana etmişdir. Səfər çərçivəsində UNESCO-nun baş direktoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən qəbul edilmişdir. Görüş zamanı Azərbaycan ilə UNESCO arasında mövcud olan əməkdaşlıq məsələləri barədə müzakirələr aparılmışdır. UNESCO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu qeyd edən İrina Bokova rəhbərlik etdiyi təşkilatda Mehriban xanım Əliyevaya hamının böyük hörmətlə yanaşdığını qeyd etmiş, onun fəaliyyətinin mədəniyyət, musiqi, adət-ənənə, irs kimi mühüm sahələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirmişdir. Səfər çərçivəsində bir sıra mədəniyyət ocaqlarını ziyarət edən İrina Bokova Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının üzvləri ilə görüş keçirmişdir. Görüşdə ölkəmizin mədəniyyətlərarası dialoqa nümunə olduğunu vurğulayan UNESCO-nun baş direktoru İrina Bokova demişdir ki, son illər dinamik inkişaf edən Azərbaycan maddi və qeyri-maddi mədəni irsin qorunmasını əsas prioritet istiqamətlərdən biri kimi elan etmişdir. Azərbaycanın UNESCO-nun bütün orqanları və bölmələri ilə sıx əməkdaşlığından məmnunluğunu bildirən baş direktor rəsmi Bakının mədəni irs nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün göstərilən səylərini yüksək qiymətləndirmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən II Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən İrina Bokova demişdir: “Bu festival 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatı və UNESCO tərəfindən keçirilən "Beynəlxalq mədəniyyətlərin yaxınlaşması ili"nin ruhuna tam uyğundur. Bu ideya mənə çox yaxındır ki, biz ölkələr çərçivəsində və onların arasında mədəniyyətlərarası dialoq vasitəsilə daha çox qarşılıqlı anlaşmaya, hörmətə və həmrəyliyə nail olmağa kömək edə bilərik. Müasir aləmdə əsl dünya mədəniyyəti yaratmaq üçün bu dəyərləri təbliğ etmək lazımdır. Biz bu il və sonrakı dövrdə qəlblərin və zəkaların görüşünü təşviq etmək üçün yeni kanallar və yollar açmağa çalışacağıq. Başqa aləm kəşf etməyin saysız-hesabsız üsulları vardır. Lakin bu gün biz həmin məqsədə ən universal dil və mədəni dialoqun ən mükəmməl metaforası olan musiqinin köməyi ilə nail oluruq. Azərbaycan identikliyində dərin kökləri olan, hər birimizin qəlbində estetik duyğular oyadan musiqi, mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq bütün insanların yaxınlaşması üçün ən yaxşı vasitədir”.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın UNESCO çərçivəsində, eyni zamanda Azərbaycan və dünya mədəniyyət incilərinin təbliğində fəaliyyətini yüksək qiymətləndirən İrina Bokova bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması işinə sədaqəti, mədəniyyətlərarası dialoqun inkişafı naminə daim göstərdiyi səyləri, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfəsi, UNESCO-nun ideallarına və məqsədlərinə sadiqliyinin təsdiqlənməsi əlaməti olaraq Mehriban xanım Əliyevaya UNESCO-nun "Qızıl Motsart" medalını təqdim etdi. Bu medal Mehriban xanım Əliyevanın öz fəaliyyəti hesabına bütün Azərbaycan xalqı adına qazandığı yüksək qiymətdir.
Ümumilikdə UNESCO-nun baş direktoru İrina Bokovanın Azərbaycana səfəri ölkəmizin beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan mədəniyyətinin UNESCO səviyyəsində təbliğində mühüm tərəfdaş qazandırmışdır.
* * *
Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərin həyata keçirilməsi ilə yanaşı, milli səviyyədə də silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 26 noyabr tarixində imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sına qoşulmuşdur. Bu konvensiya cari ilin 15 may tarixindən Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minmişdir.
2010-cu ilin 20 may tarixində, BMT-nin 21 may Mədəni müxtəlifliklər günü ərəfəsində UNESCO tərəfindən elan edilən 2010-cu il “Mədəniyyətlərin yaxınlaşması ili” çərçivəsində Bakı şəhərində “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”nın təqdimat mərasimi keçirilmiş və tədbirə milli azlıqların, yerli xalqların nümayəndələri, yaradıcı şəxslər, sənətkarlar, dövlət xadimləri, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəvət edilmişdir.
“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya” çərçivəsində nazirlik tərəfindən “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində ölkə ərazisində milli azlıqların və yerli xalqların sıx yaşadığı regionlarda “Milli-mədəni həmrəylik” mövzusunda seminarların keçirilməsi, ölkənin mədəni həyatına inteqrasiya məqsədilə regionlarda olan mədəniyyət xadimləri, xüsusi mədəni özünüifadəyə və istedada malik olan subyektlər üçün treninqlərin təşkili, mədəniyyətlərarası dialoqun vəziyyətinə dair tədqiqat işinin aparılması, ölkənin mədəni rəngarəngliyini əks etdirən buklet və broşürlərin nəşr edilməsi, sərgilər, konsertlər, müsabiqələr və s. tədbirlərin keçirilməsi planlaşdırılır.
Son illər ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara nail olmuşdur. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirmişdir.
Ümumilikdə Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və Azərbaycanı dünya mədəniyyətlərini qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir.